Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib



Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə iki məsələ daxil edilib:
- 2014-cü ilin 2-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;
- Cari məsələlər.
İclası açıq elan edən Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, 2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə ümumilikdə 35 redaksiyadan layihə təklifi təqdim olunub. "Təqdim edilmiş layihə təklifləri Fondun ekspertləri tərəfindən araşdırılıb. Layihə təkliflərinin araşdırılması ilə yanaşı, müsabiqənin tələblərindən irəli gələn digər sənədlər də yoxlanılmış, o cümlədən, qəzetlərin son üç ay üzrə tirajını, abunə və satışını əks etdirən hesabat hazırlanmışdır”, - deyə Vüqar Səfərli bildirib.
Hazırlanmış hesabatlar və layihə təklifləri müzakirə üçün Müşahidə Şurasının üzvlərinə təqdim edilmişdir. Vüqar Səfərli əlavə etmişdir ki, "Azadlıq” qəzetinin redaksiyası KİVDF Müşahidə Şurasının 30 dekabr 2013-cü il tarixli iclasında bu qəzetə qarşı irəli sürülən iradların aradan qaldırılmasına dair sənədləri Fondun katibliyinə təqdim etmiş, "2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yə qatılmaq istəyini ifadə etmişdir.
Bundan sonra Müşahidə Şurasının üzvləri təqdim edilmiş sənədlər ətrafında müzakirələr aparmışlar. Şura üzvlərindən Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Rəşad Məcid, İntiqam Hümbətov çıxış edərək "Azadlıq” qəzetinin müsabiqədə iştirak etmək istəyi ilə bağlı fikirlərini bildirmişlər. Qeyd edilmişdir ki, Fondun Nizamnaməsinin 4.1.10-cu bəndində, layihələr üzrə müqavilə şərtlərini pozan kütləvi informasiya vasitələrinin 2 ilədək müddətə belə müsabiqələrdə iştirakdan məhrum edilməsi nəzərdə tutulmuşdur. Lakin, "Azadlıq” qəzetinin göstərilən iradları aradan qaldırdığını bildirməsini nəzərə alaraq, onun müsabiqədə iştirakı məsələsinə yenidən baxılması mümkündür.
Müşahidə Şurası müzakirələrin nəticəsi olaraq, "Azadlıq” qəzetinin monitorinq edilməsi və redaksiyanın təqdim etdiyi sənədlərin araşdırılması üçün Şura üzvləri Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə və Müşfiq Ələsgərlidən ibarət İşçi qrupunun yaradılması barədə qərar qəbul etmişdir. İşçi qrupun hazırlayacağı rəyə əsasən, növbəti müsabiqə dövründə "Azadlıq” qəzetinin müsabiqədə iştirakı barədə qərar veriləcək.
Müzakirələri davam etdirən Şura üzvləri müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin araşdırılmasının yekunu olaraq, qəzetlərin dövriyyəsini, tirajını və yayımını nəzərə alaraq, 34 redaksiyanın layihə təkliflərinin maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir.
Cari məsələlər bölümündə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə jurnalistlər üçün inşa edilən yeni binanın tikintisinin gedişi barədə dinləmələr keçirilib.