Bolqarıstanın Plovdiv şəhərində keçirilən Petko Sirakov və İvan İliyevin xatirəsinə həsr olunmuş güləş üzrə XVII beynəlxalq turnir başa çatıb. Turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak ediblər.
Turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 3 gümüş medala sahib olublar.
Gənc qızların yarışında Solmaz Həşimzadə (55 kq) bütün rəqibləridən üstün olub və turnirin qızıl medalını qazanıb. Türkan Nəsirova (44 kq) isə gümüş medal əldə edib.
Yunan-Roma güləşçilərimiz də turnirin ilk günündə inamlı təsir bağışlayıblar. Ən ağır çəkidə təmsilçimiz Hacımurad Çöpsiyev (120 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala, Orxan Məmmədli isə (66 kq) final görüşünü uduzaraq gümüş medala yiyələnib.
Sərbəst güləşçilərin mübarizəsində Səid Həmidov (96 kq) finala qədər irəliləsə də, gümüş medalla kifayətlənib.
Petko Sirakov və İvan İliyevin xatirəsinə həsr olunmuş turnirin ikinci günü də güləşçilərimiz üçün uğurla başa çatıb. Təmsilçilərimiz ümumilikdə 3 qızıl və 4 bürünc medala sahib olublar.
Gənc qızların mübarizəsində Raqnetta Qurbanzadə (67 kq) və Şəfəq Muradzadə (48 kq) bütün rəqiblərindən üstün olaraq, yığmamıza qızıl medal qazandırıblar.
Yunan-Roma güləşi üzrə yarışlarda Kərim Cəfərov (60 kq) və Hacımurad Bağmanov (74 kq) bürünc medal əldə ediblər.
Sərbəst güləşçilərimizdən Nurməhəmməd Hacıyev (84kq) qızıl medal qazansa da, Mircəlal Həsənzadə (55 kq) və Abdulmuslim Muxuddinov (66kq) bürünc medalla kifayətləniblər.
Turnirin son günündə güləşçilərimiz 1 qızıl, 1 gümüş və 6 bürünc medala yiyələniblər.
Gənc qızların yarışında Elmir Qəmbərova (63 kq) bürünc medala sahib olub.
Yunan-Roma güləşi yarışlarında Murad Məmmədov (55 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Orxan Nuriyev (96 kq) yalnız final görüşündə uduzub və gümüş medalla kifayətlənib. İslam Abbasov (84 kq) və Türmən Eyyubov isə bürünc medal qazanıblar.
Sərbəst güləşçilərimiz isə turnirin son günündə 3 bürünc medal əldə ediblər. Arif Hüseynov (50 kq), Cahid Həsənzadə və Vurğun Əliyev (hər ikisi 60 kq) fərqləniblər.
Beləliklə, güləşçilərimiz üç gün davam edən turniri 6 qızıl, 4 gümüş və 10 bürünc medalla başa vurublar. Onlardan 3 qızıl, 1 gümüş və 1 bürünc medal gənc qızların, 2 qızıl, 2 gümüş və 4 bürünc medal isə yunan-Roma güləşçilərinin payına düşür. Sərbəst güləşçilər isə 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıblar.