“Olimpiyaçılar aramızda” turnirinə start verilib

“Olimpiyaçılar aramızda” turnirinə start verilib

Olimpnews.az-ın məlumatına görə martın 5-6-da Sərhədçi İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Olimpiyaçılar aramızda” açıq respublika turnirinin final mərhələsi keçiriləcək. FİLA-nın mövcud qaydalarına əsasən, şəxsi xarakter daşıyan turnirdə respublikanın bütün bölgələrini təmsil edən 1997-98-ci illər təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparacaqlar. Turnirin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və 2014-cü ildə keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Xatırladaq ki, turnirin ilk mərhələsi fevralın 2-dən 19-dək Azərbaycan Güləş Federasiyasının regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə keçirilib. Final mərhələsinin proqramına əsasən, martın 5-də sərbəst, 6-da isə yunan-Roma güləşçiləri arasında ən güclülər müəyyənləşəcək. Yarışlar hər gün səhər saat 10:00-da başlanacaq. Təntənəli açılış mərasimi martın 5-i, saat 17:00-da keçiriləcək.
Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və qaliblər yığma komandanın heyətinə cəlb olunacaqlar.