Otüstü hokkeyçilərin ölkə çempionatı başlayır

Otüstü hokkeyçilərin ölkə çempionatı başlayır



Sayca XIII ölkə çempionatının formatında o qədər də böyük dəyişiklik olunmayıb. Təkcə ötən mövsüm yüksək dəstədə Rusiyanın Azov şəhərini təmsil edən kişilərdən ibarət "XK TANA” komandasının iştirakı obyektiv səbəblərdən bu il baş tutmayacaq. Yaz-payız sistemi ilə keçirilən kişilərin və qadınların I dövrə oyunlarında 4 iştirakçı dairəvi sistemlə bir-biri ilə 2 dəfə görüşəcək. Kişi otüstü hokkeyçilərinin I və II dəstə yarışlarının əvəzinə 15 (1999-2001) və 17 yaşadək(1997-1998) oğlanların birinciliyi keçiriləcək. 17 yaşınadək oğlanların mübarizəsində 7 iştirakçı "A” və”B” yarımqruplarında dairəvi sistemlə yarışacaq. "A” qrupuna daxil olan Bakı və Sumqayıt şəhərlərinin "Atasport, eləcə də "Gəncə” və "Şəki” komandaları paytaxtımızda mübarizə aparacaqlar. "B” qrupunun üzvləri "Olimp”(Masallı), Astara və Lənkəranın "Xəzər” klubları isə Masallı şəhər stadionunda yarışacaqlar. 15 yaşınadək oğlanların birinciliyində 8 komanda 2 yarımqrupda mübarizə aparacaq və bütün oyunlar Bakı şəhərində keçiriləcək.
Aprelin 2-də yüksək dəstədə yarışan kişi otüstü hokkey komandaları ölkə çempionatının ilk yarışına çıxacaqlar. Çərşənbə günü saat 14.00-da meydanda Azərbaycan çempionu "Akkord” və bu ildən Sumqayıt şəhərini təmsil edən "Atasport” komandaları qarşılaşacaq. Saat 16.00-da isə meydana Bakının "Atasport” və Qusarın "Şahdağ” klubları çıxacaqlar.
Qadınların və 17 yaşınadək oğlanların yarışı aprelin 13-də start götürəcək və oyunlar, bir qayda olaraq, bazar günləri keçiriləcək.
17 yaşınadək oğlanlar isə ölkə birinciliyinə aprelin 19-da qoşulacaqlar və şənbə günləri keçirilən I dövrə oyunlarına mayın 24-də yekun vurulacaq.