Martın 7-9-da Sərhədçi İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Olimpnews.az xəbər verir ki, çempionatda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarını təmsil edən 1993-95-ci illər təvəllüdlü idmançılar mübarizə aparacaqlar. Çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar müvafiq diplom, medal, pul mükafatları ilə təltif olunacaqlar. Fərqlənən idmançılar yığmaya dəvət olunacaqlar.
İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da, final görüşləri isə 17.00-da başlayacaq. Yarışların proqramına əsasən, ayın 7-də sərbəst güləş üzrə 50 kq, 55 kq, 60 kq, 66 kq və 74 kq, martın 8-də sərbəst güləş üzrə 84 kq, 96 kq və 120 kq, yunan-Roma güləşi üzrə 50 kq, 55 kq və 60 kq, ayın 9-da yunan-Roma güləşi üzrə 66 kq, 74 kq, 84 kq, 96 kq və 120 kq çəki dərəcələri üzrə görüşlər keçiriləcək.