“Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır

“Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır

Möhtəşəm “San Siro”dan başlayan həyəcan qədim Verona kolizeyində başa çatacaq   

XXV Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək İtaliyanın Veneto və Lombardiya bölgələrində keçiriləcək. Milan və Kortina Ampetso şəhərlərinin Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməsi ilə bağlı qərar 2019-cu il iyunun 24-də İsveçrənin Lozanna şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 134-cü sessiyasında rəsmi şəkildə elan olunub. Bununla da İtaliya növbəti dəfə dünyanın ən mötəbər qış idman tədbirinə ev sahibliyi etmək hüququ qazanıb.
Məlumat üçün bildirək ki, İtaliya Milan-Kortina-2026-ya qədər üç dəfə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək şansı əldə edib. Bu imkanlardan yalnız ikisi reallaşıb. Qış Olimpiya Oyunlarının tarixinə nəzər saldıqda görərik ki, 1924-cü ildən (Şamoniki Momblan) etibarən keçirilən bu mötəbər yarışlarda İtaliya 1944-cü il Oyunlarını Kortina Ampetsoda təşkil etməli idi. Lakin İkinci Dünya müharibəsi səbəbindən yarışlar baş tutmayıb. İtaliyalılar yalnız 1956-cı ildə VII Qış Olimpiya Oyunlarını Kortina Ampetsoda keçirməyə nail olublar.
1956-cı ildən 50 il sonra Appenin yarımadasının təmsilçiləri bu dəfə Turin şəhərini namizəd kimi irəli sürərək 2006-cı il Qış Olimpiya Oyunlarına uğurla ev sahibliyi etdilər. Məhz bu böyük təşkilati təcrübə Beynəlxalq Olimpiya Komitəsinin 2026-cı il üçün də İtaliyaya etimad göstərməsində həlledici rol oynadı. Bu dəfə Oyunlar Milan və Kortina Ampetso şəhərlərinin birgə ev sahibliyi ilə keçiriləcək.
BOK mütəxəssisləri hələ 2019-cu ildə Milan və Kortina Ampetso bölgələrində təftiş apararaq infrastrukturun yüksək səviyyədə olduğunu bəyan etmişdilər. Onların rəyinə görə, İtaliya Qış Olimpiya və Paralimpiya Oyunları üçün zəruri infrastrukturun təxminən 90 faizini əvvəlcədən təmin etmişdi. Kortina Ampetsoda əlavə olaraq bobsley və xizək yollarının tikintisi də vaxtında tamamlanıb. Bununla belə, həmin qurğuların inşası zamanı yerli sakinlər tərəfindən ətraf mühitə ziyan vurulması ilə bağlı etirazlar da səsləndirilmişdi.

Milan 
Adı: “San Siro” və ya Stadio Cüzeppe Meatsa
Yerləşdiyi şəhər: Milan
Açılış tarixi: 19 sentyabr 1926-cı il
Yenidənqurma: 1956 və 1989-cu  illər
Təyinatı: Olimpiya Oyunlarının açılış mərasimi
Azarkeş tutumu: 75.817 nəfər

100 yaşını qeyd edən San Siro Stadionu Qış Olimpiya Oyunlarının açılış mərasiminə ev sahibliyi edəcək. Arena bir səbəbdən seçilib. Oyunlardan sonra İtaliya A seriyasının iki iştirakçısı - “Milan” və “İnter” klublarının müştərək sahibi olduqları arena söküləcək. Məlumat üçün bildirək ki, stadionda “Milan” klubu çıxış edəndə arena hər iki komandada çıxış edən ikiqat dünya çempionu olan hücumçu Cüzeppe Meatsanın adını daşıyır. Lakin, italyalılar və futbol ictimaiyyəti daha çox tarixi “San Siro” adından - arenanın yerləşdiyi şəhərətrafı əraziyə görə istifadə edirlər.
“San Siro” 1934 və 1990-cı illərdə iki dəfə Dünya çempionatının oyunlarına ev sahibliyi edib. Stadionda 1980-ci il Avropa çempionatının qarşılaşmaları, Avropa Çempionlar Kubokunun finalları (1965-ci ildə “İnter” - “Benfika” və 1970-ci ildə “Feyenoord” - “Seltik”) və UEFA Çempionlar Liqası (2001-ci ildə “Bayern Münhen” - “Valensiya” və 2016-cı ildə “Real Madrid” - “Atletiko Madrid”) keçirilib.
Arenadan, həmçinin konsert məkanı kimi də istifadə olunur. Müxtəlif dövrlərdə Maykl Cekson, Bob Marli, Madonna, eləcə də “The Rolling Stones”, “Bon Covi”, “Depeche Mode”, “One Direction” musiqi qrupları çıxış ediblər.


Adı: Milano Santa Culiya Buz Hokkey Arenası
Yerləşdiyi şəhər: Santa Culiya rayonu
Açılış tarixi: 2025-ci il.
İdman növü: Buz hokkeyi (Paralimpiya Oyunlarında xizək hokkeyi)
Azarkeş tutumu: 16.000 nəfər

Milandakı Santa Culiya Arenası xüsusi olaraq 2026-cı il Olimpiya oyunlarında buz hokkeyi və xizək hokkeyi yarışları üçün tikilib. Bu müasir çoxfunksiyalı qurğunun tikintisi özəl investor tərəfindən maliyyələşdirilib.
Təşkilat Komitəsi qurğunu Olimpiada üçün əla görünüşünə, rahat oturacaqlara və mükəmməl akustikaya görə seçiblər. Arenanın daxilində məşq üçün əlavə meydança yerləşəcək. Olimpiya Oyunlarından sonra arenanın idman və əyləncə tədbirləri üçün çoxfunksiyalı mərkəzə çevrilməsi planlaşdırılır.

Adı: Milano Konkisürmə Arenası
Yerləşdiyi şəhər: Assaqo
Açılış tarixi: 1990-cı il
Yenidənqurma: 2014 və 2017-ci illər 
İdman növləri: Fiqurlu konkisürmə, şort-trek 
Azarkeş tutumu: 12.700 nəfər

Milanın Assaqo şəhərində yerləşən fiqurlu konkisürmə və şort-trek nəzərdə tutulan bu arena 12 mindən artıq tamaşaçı qəbul edə bilər. Qurğunun yanında məşhur fiqurlu konkisürmə məktəbi yerləşir. Arena əvvəllər müvəqqəti meydançaya malik olub. 
Arena 1994-cü ildə İİHF hokkeyi üzrə dünya çempionatına, 2003-cü il IIHF Kontinental Kubokunun Superfinalına, 2009-cu il Dünya Həvəskar Boks Çempionatına, 2014-cü il Avroliqa Basketbol Final Dördlüyünə və 2018-ci il Dünya Fiqurlu Konkisürmə Çempionatına ev sahibliyi etmişdir.
Modernləşdirmə arenanın fiqurlu konkisürmə və şort trek sürətli konkisürmə yarışlarına hazırlanması üçün xüsusi tələbləri nəzərə alır. Fiqurlu konkisürmə qalın buz tələb edir, qısa yol isə daha nazik, lakin daha davamlı buz tələb edir. Xüsusi avadanlıq tələb olunan buz şəraitini və bütün iştirakçıların təhlükəsizliyini təmin edəcək.

Adı: Milano Ro Buz Hokkey Arenası
Yerləşdiyi şəhər: Milan, Ro rayonu
Açılış tarixi: 1923-cü il
Yenidənqurma: 1997 və 2025- ci illər
İdman növü: Buz hokkeyi
Azarkeş tutumu: 7500 nəfər

Milan-Kortina-2026 Qış Olimpiya Oyunları zamanı buz hokkeyi üzrə yarışlara ev sahbilyi edən idman qurğusudur. Böyük tarixə malik olan arena bu vaxta qədər iki dəfə əsaslı təmirə dayandırılıb. Təşkilat Komitəsi XXV Qış Olimpiya və Paralimpiya Oyunları üçün qurğunun imkanlarını yüksək qiymətləndiriblər.          

Adı: Milano Ro Sürətli Konkisürmə Stadionu
Yerləşdiyi şəhər: Milan, Ro rayonu
Açılış tarixi: 1923-cü il
Yenidənqurma: 2000 və 2025-ci illər
İdman növü: Sürətli konkisürmə
Azarkeş tutumu: 5800 nəfər

Milanın Ro rayonundakı Fiera Milano Ro sərgi mərkəzinin ərazisində bir neçə Olimpiya məkanı tikilib. Məhz sürətli konkisürmə stadionu da həmin ərazidə yerləşir. Olimpiadadan əvvəllər bu böyük məkanda Expo-2015, Milan Moda Həftəsi və bir çox digər mədəni tədbirlər keçirilib.
Məlumat üçün bildirək ki, idman yarışları ilə yanaşı, olimpiada zamanı ərazidə Beynəlxalq Yayım Mərkəzi və olimpiadanın əsas mətbuat mərkəzi yerləşəcək. 

Adı: Piatsa del Duomo
Yerləşdiyi şəhər: Milan
Açılış tarixi: 1386-cı il.
Təyinatı: Olimpiya Oyunlarının medal təqdimatları 

Milanın əsas kafedral meydanı olan Piatsa del Duomo Qış Olimpiya Oyunları zamanı bütün diqqətləri öz üzərinə çəkəcək. Təşkilat Komitəsi turist axınını nəzərə alaraq bu tarixi məkanı da olimpiadanın infrastrukturuna daxil ediblər. Piatsa del Duomoda 11 gün ərzində Olimpiadanın canlı yayımlar üçün studiyaları yerləşəcək və Oyunlarda mükafat qazanan idmançılar medallarına yiyələmək üçün buraya toplaşacaqlar. 

Məlumat üçün bildirək ki, bu tarixi abidə adını Milan Duomosundan götürüb. Meydanda müxtəlif əsrlərə aid binalar yerləşir. Galleria Vittorio Emanuele II, Palazzo Reale, Palazzo dell Arengario və Palazzo Carminati kimi görməli yerlər bu məkanın ərazisinə düşür.   
Meydandakı ən qədim tikili Milan Katedralıdir. Tikintisi 1386-cı ildə başlayan dini məbəd 19-cu əsrin əvvəllərinə qədər tamamlanmayıb. Fasadın məşhur dizaynı şəxsən 1805-ci ildə Napoleon tərəfindən təsdiq edilib. 1964-cü ildə meydanda Duomo metrostansiyası açılıb.

Kortina Ampetso (Veneto Bölgəsi)

Adı: Kortina Kerlinq Olimpiya Stadionu və ya Olimpiya Buz Stadionu
Yerləşdiyi şəhər: Kortina Ampetso
Açılış tarixi: 1955-ci il
İdman növü: Kerlinq
Azarkeş tutumu: 3000 nəfər

Kerlinq Olimpiya Stadionu Kortina Ampetsoda yerləşən üçmərtəbəli idman qurğusudur. Bu arena Olimpiya yarışlarına ikinci dəfədir ki, ev sahibliyi edir. 1956-cı il Qış Olimpiya Oyunlarında stadion 12 min tamaşaçı tutumuna malik idi. Arena açılış və bağlanış mərasimlərinə, fiqurlu konkisürmə və buz hokkey yarışlarına ev sahibliyi edib.
Bu idman obyekti televiziya yayımlarını nümayiş etdirən ilk Olimpiya stadionu olması ilə məşhurdur. Arena həmçinin 1981-ci ildə xəfiyyə Ceyms Bonddan bəhs edən “Yalnız sizin gözləriniz üçün” filminin çəkiliş məkanı kimi diqqətləri cəlb edib.
Qeyd edək ki, Olimpiya Buz Stadionu hələ də buz hokkey arenası kimi istifadə olunur. 2026-cı olimpidasında arena kerlinq, əlil arabasında kerlinq yarışlarına və Paralimpiya Oyunlarının bağlanış mərasiminə ev sahibliyi edəcək.

Adı: Tofane Alp Xizək Mərkəzi
Yerləşdiyi şəhər: Kortina Ampetso
Açılış tarixi: 1956-cı il
İdman növü: Alp xizəkçiliyi
Azarkeş tutumu: 1000-7000 nəfər

Bu xizək qurğusu da xüsusi olaraq 1956-cı il Qış Olimpiadası üçün inşa edilib. Burada müntəzəm olaraq alp xizəkçiliyi üzrə dünya kuboku və dünya çempionatı mərhələləri keçirilir. 1993-cü ildən bəri bura yalnız qadınların yarışları üçün açıqdır. Qadın xizəkçilər eniş və super-G yarışlarında öz bacrıqlarını nümayiş etdirirlər. Kompleksə gözəllik verən Tofanaschuss kimi tanınan qayalar xüsusi eniş yollarına malikdir.

Adı: Anterselva Biatlon Arenası
Yerləşdiyi şəhər: Cənubi Tirol, Rasen-Antholz
Açılış tarixi: 1971-ci il
Yenidənqurma: 2006-cı il
İdman növü: Biatlon
Azarkeş tutumu: 19 min nəfər

Anterselva Biatlon Arenası dünyanın ən məşhur biatlon məkanlarından biri sayılır. Bu idman qurğusu 1969-cu ildən 1971-ci ilə qədər tikilib. Arena dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, Antholz gölünün yaxınlığında yerləşir. Məşhur idman məkanında müntəzəm olaraq biatlon üzrə dünya kuboku tədbirləri keçirilir. Bundan başqa Anterselva Biatlon Arenası altı dəfə dünya çempionatına (1975, 1976, 1983, 1995, 2007, 2020) ev sahibliyi edib. 2006-cı ildə arena tamaşaçı tribunalarının genişləndirilməsi də daxil olmaqla müasirləşdirilib.  Bu, kompleks Olimpiya yarışlarına ilk dəfə ev sahibliyi edəcək.


Adı: Kortina Sürüşmə Mərkəzi
Yerləşdiyi şəhər: Kortina Ampetso (Alp yamacı)
Açılış tarixi: 2025-ci il
İdman növləri: Bobsley, kirşə, skeleton
Azarkeş tutumu: 5500 nəfər

Alp yamacında yerləşən bu idman qurğusu Qış olimpiadası üçün sıfırdan tikilib. 1923-cü ildən 2008-ci ilə qədər eyni yerdə yerləşən Mərkəz  1956-cı il Olimpiadasına ev sahibliyi edib. Bu tarixi məkandan 1981-ci ildə xəfiyyə Ceyms Bonddan bəhs edən “Yalnız sizin gözləriniz üçün” filminin çəkiliş məkanı kimi istifadə olunub. Trasın hazırkı versiyasında uzunluq və dönüş sayı qorunub saxlanıb, lakin növ mövcud tras təhlükəsizlik tələbləri modernləşdirilib.

Valtellina (Lombardiya bölgəsi)

Adı: Livinyo Qar Parkı
Yerləşdiyi şəhər: Livinyo
Açılış tarixi: 1960-cı illər
İdman növü: Snoubord, sərbəst eniş.
Azarkeş tutumu: 2000-8400 nəfər

Livinyo Qar Parkı italiyalıların tez-tez üz tutduğu məşhur bir xizək kurortudur. Kompleksdə ümumilikdə 76 yamac olan dörd qar parkı var. Arenada əksər hallarda süni qardan istifadə olunur. Obyekt ekoloji cəhətdən təmiz və mənzərəli bir ərazidə yerləşir. Livinyoda dağ marmotları, dağ keçisi, cüyür və çoxsaylı quş növləri kimi alp heyvanları yaşayır.

Adı: Livinyo xizəklə tullanma və moqul parkı
Yerləşdiyi şəhər: Livinyo
Açılış tarixi: 1960-cı illər
İdman növü: Fristayl
Azarkeş tutumu: 3 min nəfər

Bu Park Livinyo xizək kurortunun mərkəzində yerləşir. Trek döngələri və dik enişləri olan süni təpələrin davamlı seriyasıdır. 2025-ci ilin yazında burada fristayl üzrə dünya kubokunun final mərhələsi keçirilib.

Adı: Stelvio Xizək Mərkəzi
Yerləşdiyi şəhər: Bormio
Açılış tarixi: 1982-ci il
İdman növü: Alp xizəkçiliyi, xizək alpinizmi
Azarkeş tutumu: 7 min  nəfər

Arena Bormio kommunasındakı Vallesetta dağında yerləşir. Məşhur Stelvio Xizək Mərkəzinin trası çoxsaylı beynəlxalq yarışlara ev sahibliyi edib və bu, ən çətin yarışlardan biri hesab olunur. Mərkəz dağ xizəyi üzrə dünya kuboku finallarına (1995, 2000, 2008) və dünya çempionatlarına (1985, 2005) ev sahibliyi edib.

Val di Fiemme (Trentino-Alto Adice bölgəsi)

Adı: Cüzeppe Dal Ben-Predazzo Xizəklə tullanma mərkəzi
Yerləşdiyi şəhər: Predatso
Açılış tarixi: 1988-ci il
Yenidənqurma: 2001, 2016-ci il
İdman növləri: Xizəklə tramplindən tullanma, xizək ikinövçülüyü 
Azarkeş tutumu: 5 min nəfər

Predazzo Xizəklə tullanma mərkəzi müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edib. Dünya xizək çempionatı (1991, 2003, 2013) və 2013 Qış Universiadası, eləcə də xizəklə tullanma və xizək ikinövçülüyü bir neçə Dünya Kuboku mərhələsi bu məkanda təşkil olunub.
Kompleksdə xizəklə tullanma zolaqları keramika materialı ilə örtülmüş, eniş zonaları isə plastikdən hazırlanıb. Yarışların gecə də keçirilməsinə imkan verən müasir işıqlandırma sistemi quraşdırılıb. Obyekt idmansevərlər üçün il boyu açıqdır.

Adı: Tesero xizəksürmə kompleksi və ya Fabio Kanali xizəksürmə və biatlon mərkəzi
Yerləşdiyi şəhər: Tesero Bələdiyyəsi
Açılış tarixi: 1990-cu il
Yenidənqurma: 2010-2012-ci illər
İdman növü: Xizəksürmə, xizək ikinövçülüyü
Azarkeş tutumu: 15 min nəfər

Kompleks 1988-ci ildən 1990-cı ilə qədər xüsusi olaraq Val di Fiemme şəhərində keçirilən FİS xizək ikinövçülüyü üzrə dünya çempionatı (1991-ci il) üçün inşa edilib. Beynəlxalq Xizək və Snoubord Federasiyası arenanın texniki imkanlarını yüksək qiymətləndirərək 2003-cü ildə daha bir dünya çempionatını həmin məkana etibar edib.
2010-cu ildən 2012-ci ilə qədər kompleksdə idmançılar, jurnalistlər və tamaşaçılar üçün şəraiti yaxşılaşdırmaq məqsədi ilə təmir işləri aparılıb. Biatlon atıcılıq tiri də inşa edilən bu arenada FİS xizək ikinövçülüyü üzrə dünya çempionatı və Universiadanın bir hissəsi olaraq biatlon yarışları təşkil edilib. Kompleks dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Əksər hissəsi süni qarla örtülmüş yamacların ümumi uzunluğu 19 kilometrdir.


Verona

Adı: Verona Olimpiya Arenası (Arena di Verona)
Yerləşdiyi şəhər: Verona
Açılış tarixi: Eramızdan əvvəl  30-cu il
Təyinatı: Qış Olimpiya Oyunlarının bağlanış mərasimi
Azarkeş tutumu: 15 min tamaşaçı

Arena di Verona eramızdan əvvəl tikilmiş qədim Roma amfiteatrıdır. Bu kompleks şəhərin əsas meydanı olan Piatsa Brada yerləşir. Di Verona Olimpiya Oyunlarının bağlanış mərasiminə və Paralimpiya Oyunlarının açılış mərasiminə ev sahibliyi edəcək.
Tarixə nəzər salsaq, burada müxtəlif turnirlər və festivallar keçirilib. XIX əsrdə burada öküz döyüşləri, 20-ci əsrdə isə opera tamaşaları təşkil olunub. Hazırda arena, həmçinin konsert məkanı kimi istifadə olunur. Luçano Pavarotti, Adriano Çelentano, Anna Netrebko, Frenk Sinatra, Pol Makkarti, Elton Con, Stinq, Deyvid Gilmur, Pink Floyd və digər ulduzlar müxtəlif vaxtlarda burada səhnəyə çıxıblar.

Anar Əhmədov 
 

“Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır “Ağ Olimpiada” 70 ildən sonra yenidən Kortinaya qayıdır