İnanılmaz əzələli insan hər an ölə bilər

İnanılmaz əzələli insan hər an ölə bilər


Braziliyalı Arlindo de Souzanı misilsiz, tayı-bərabəri olmayan insan saymaq olar. O, inanılmaz, ağlagəlməz ölçüdə bisepslərə(ikibaşlı əzələ) malikdir. Bisepslərin ölçüləri normal insanın baldırları boydadır. Onun bisepslərinin diametri 73, 7 santimetrdir. Həkimlər isə deyir ki, məşhurluğa can ataraq, bədəninə benzin və spirt qarışığından ibarət inyeksiyası vuran, bisepslərinin ölçülərini bu minvalla artıran Arlindonun həyatı təhlükədədir.
"Bu insan bədəninə potensial ölüm təhlükəli qarışıq yeritdiyindən ciddi infeksiya yoluxma riskini daşıyır. Biz ona yardım edə bilmərik, çünki bu adam özünə divan tutur”, - deyə həkimlər bildiriblər.

Halbuki, yaşadığı təhlükəni Arlindo de Souza da anlayır. Onun dediyinə görə, biseps və ya başqa əzələlərin ölçülərini böyütmək üçün bədənlərinə inyeksiya vuran dostları var. "Onların bəziləri artıq ölüblər. Risk etdiyimi başa düşürəm. Amma nə edim ki, əzələlərimin böyük, güclü olmasını istədim”, - deyə Arlindo söyləyib. Əzələləri şişirtmək üçün bədənlərinə inyeksiya vuranların bəzilərinin qolları amputasiya olunub, bəziləri isə ölüblər. Braziliyanın Pernambuku ştatında yaşayan de Souza "The Mountain”("Dağ ") ləqəbi ilə tanınır. "Dostum Poulino da mənim kimi bisepslərini şişirtmək üçün benzin və spirt qarışığını bədəninə vurmuşdu. O, öldü. Çünki bu qarışıqdan həddindən çox istifadə etmişdi. Mən də etmişəm, amma kimsəyə bu işi təkrar olunmağı məsləhət bilmirəm. Bir daha da təkrarlayan deyiləm. Bəlkə, elə buna görə indiyədək sağ qalmışam”, - deyə Arlindo de Souza söyləyib. "Həmin gün məşq edirdim. Tanışlarımdan biri dedi ki, əzələ şişirtməyin yolunu bilir. Neft və spirt qarışığını bədənimə vurdum. Bisepslərim az qala göz qarşısında şişdi”, - deyə braziliyalı əlavə edib. Arnold Şvartsneggerin fanatı olan Arlindo indi steroidlər, hormonlar və at vitaminlərindən ibarət qarışıqlar qəbul edir. Arlindo indi qoca anası Jorzefa Qomes de Souza ilə birlikdə yaşayır. Onun qardaşı 56 yaşlı Adrianonun dediyinə görə, qardaşı çox güclüdür. Bacısı Marineyde isə deyir ki, qardaşına yazığı gəlir: "Belə bisepslər anormallıqdır. Qardaşım əzab çəkir”.