“Baltika-Baku” və Milli Olimpiya Komitəsi Dənizkənarı Bulvarda yeni idman meydançası açır

“Baltika-Baku” və Milli Olimpiya Komitəsi Dənizkənarı Bulvarda yeni idman meydançası açır

2014-cü ilin aprel ayında Bakı sakinlərinin həyatında vacib bir hadisə baş verəcək. Belə ki, yeni bulvar ərazisində açıq hava altında yeni idman meydançası, idmanla məşğul olmaq istəyən əhalinin istifadəsinə veriləcək. 10-dan artıq idman qurğusunun quraşdırıldığı bu meydança əhalinin idmana olan marağını daha da artıracaq. Bu trenajorların bəzilərinin fiziki imkanları məhdud olan vətəndaşlarımız üçün nəzərdə tutulması sevindirici haldır.
Meydançanın eni və uzunluğu 100 metrə yaxındır. Təbii ot örtüyü ilə örtüləcək meydançada idman qurğuları artıq yerləşdirilib və buranın açılışı ilə bağlı işlər sona çatmaq üzrədir.
Milli Olimpiya Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı və Baltika-Baku şirkətinin sponsorluğu ilə yaradılan idman meydançası şəhərimizin sakinlərinə təqdim edilən bir hədiyyədir. Meydança universaldır. İdman qurğularından 12 yaşdan yuxarı hər kəs idmanla məşğul ola bilər.
"Baltika-Baku” şirkətinin baş direktoru Sergey Tolmaçov yeni idman meydançası ilə bağlı danışarkən deyib:"Bakı şəhərində ilk dəfə olaraq belə bir möhtəşəm layihə həyata keçirilməsində "Baltika-Baku şirkətinin də böyük payı olduğuna görə çox şadam. Uzun illər ərzində "Baltika-Baku” sosial məsuliyyətli şirkət kimi öz fəaliyyəti çərçivəsində sponsorluq və xeyriyyə işləri aparmış və daima idmanın inkişafına dəstək göstərmişdir. İstərdik ki, şəhər sakinləri öz ailələri ilə birlikdə yeni idman meydançasına gələrək, asudə vaxtlarını sağlamlıq üçün sərf etsinlər. İdman sağlamlıqdır. Hamınıza sağlam olmağı arzulayıram”.

* * *

"Baltika-Baku” pivə zavodu Azərbaycanın paytaxtından 10 km aralıda, Xırdalan şəhərində yerləşir. Zavodun 40 illik tarixi var.1969-cu ildə istifadəyə verilən bu zavod keçmiş SSRİ-nin ən müasir və ən böyük zavodlarından biri olub. 1997-ci ildə zavod «Group Castel» adlı fransız şirkətinin mülkiyyətinə keçib. 1999-cu ildə zavodda böyük miqyaslı rekonstruksiya işləri aparılıb, eyni zamanda «Xırdalan» və bəzi digər brendlər istehsal edilməyə başlanılıb. Bu brendlər hazırda da istehsal edilir. 2008-ci ildə zavodun məhsulları bazarın 70 faizidən çox hissəsini əhatə edib. 2008-ci ildə isə «Carlsberg Group»un hissəsi olan "Baltika” pivə zavodu və» Internationales Holding (Eastern) Ltd» (BIH Eastern) Xırdalan pivə zavodunun alınması üzrə birgə müqavilə imzalayıblar. 2009-cu ilin əvvəlindən etibarən şirkət "Baltika-Baku” adlanır.