Finlandiyada mübarizə davam edir

Finlandiyada mübarizə davam edir


Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər mübarizə aparıblar.

57 kq-da Qalib Əliyev 1/4 finalda Gennadi Tulbea (Monako) ilə qarşılaşıb. Güləşçimiz 6:5 hesabıyla öndə olsa da, rəqibin əks fəndi ilə məğlub olub. Təsəlliverici görüşə qatılmaq imkanını da əldən verən güləşçimiz çempionatı medalsız başa vurub.
61 kq-da Hacı Əliyev inamlı təsir bağışlayıb. 1/8 finalda Aleksandr Semisorovu (Almaniya) 14:4, 1/4 finalda isə gürcüstanlı Beka Lomtadzeni 12:6 hesabıyla üstələyib. Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da 9-7 öz xeyrinə başa vuran Hacı finala vəsiqə qazanıb. Finalda onun rəqibili Rusiya təmsilçisi Bekxan Qoyqereyev olacaq.
Qadın güləşçilərimizdən Patimat Baqomedova (53 kq) 1/8 finalda Laura Mertensə (Almaniya) 7:2 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda güləşçimiz Yunanıstandan olan Mariya Prevolarakiyə uduzub. Rəqib finala qədər irəlilədiyindən Patimat təsəlliverici görüşə qatılıb və İtaliya güləşçisi Françeska Morini tam üstünlüklə (10:0) məğlub edib. Həlledici görüşdə onun rəqibi Rumıniyadan Anna Paval olacaq.
60 kq-da yarışan Yuliya Ratkeviç 1/8 finalda Macarıstan təmsilçisi Ramano Qalamboşu 6:2 hesabıyla üstələyib. Lakin 1/4 finalda təmsilçimiz Mustafa Yuseynə (Bolqarıstan) məğlub olub - 4:8 və mübarizəni dayandırıb.