«Neftçi» İdman Klubunun idman xronikası

«Neftçi» İdman Klubunun idman xronikası


«Neftçi» İdman Klubunun mətbuat xidmətindən olimpnews.az-a daxil olan məlumatda ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən yarışların nəticələri barədə xəbər verilir.

Cüdo:
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə «Qran-pri» turniri keçirilib. «Neftçi İdman Klubu»nun Azərbaycan yığmasının heyətində yer almış cüdoçusu Nicat Şıxəlizadə (66 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Güləş:
Martın 27-də Gürcüstanın Uzurgeti şəhərində start götürmüş yunan-Roma güləşi üzrə beynəlxalq turnirə yekun vurulub. Yeniyetmə və məktəblilər arasında təşkil olunan yarış gərgin mübarizə şəraitində keçib. 164 idmançının qatıldığı yarışda klubumuzun 17 idmançısı qüvvəsini sınayıb. Böyük əzmkarlıq nümayiş etdirən pəhləvanlarımızdan 13-ü mükafatçılar sırasında yer alıb. Onlardan 4-ü qızıl, 2-si gümüş, 7-si isə bürünc medala layiq görülüb. Güləşçilərimizdən Şamxal Əhmədov (42 kq), Elvin Babayev (+42 kq), Kənan Əliyev (50 kq) və İlqar Muxtarlı (85 kq) turnirin qalibi adını qazanıblar.



Karate:
İran İslam Respublikasının Məşəd şəhərində karate-do üzrə beynəlxalq turnir keçirilib. Klubun karateçilərindən Orxan Musayev (80 kq) 16-17 yaş qrupunda liderliyə yüksəlib. Nicat Cəbrayılov isə eyni yaş qrupunda bürünc medalla kifayətlənib.

***
Bu növ üzrə keçirilən 22-ci respublika çempionatında isə 18-20 yaşlı gənclər arasında təmsilçimiz Səbuhi Nuriyev (75 kq) gümüş medala layiq görülüb. Nicat Cəbrayılov isə həmin yaş qrupunda 3-cü pillədə qərarlaşıb.

Stolüstü tennis:
«Olimpik Star» İdman-Əyləncə Kompleksində stolüstü tennis üzrə Azərbaycan birinciliyi sona çatıb. Birincilikdə Bakıdan 3, Sumqayıtdan 2, Şabran, Şəki, Şirvan, Qax və Gədəbəydən olan komandalar iştirak ediblər. «Neftçi İdman Klubu»nun tennisçiləri Bakı komandasından çıxış ediblər. Yeniyetmə yetirmələrimizdən Rəşad Kərimzadənin də yer aldığı «Bakı-1» (oğlanlar) komandası 1-ci yerə çıxıb. Digər tennisçimiz Elvina Tahirovanın təmsil olunduğu «Bakı-1» (qızlar) komandası isə 2-ci yeri tutub.

Pankration:
Hövsan Olimpiya İdman Kompleksində pankration, qrapplinq və MMA üzrə ölkə çempionatı keçirilib. Yarışda respublikamızın müxtəlif bölgələrindən 350-yə yaxın idmançı bacarığını nümayiş etdirib.
«Neftçi İdman Klubu»nun idmançılarından Elçin Vəliyev (45 kq), Şahin Löymanov (56 kq), Aydın Zeynallı (68 kq) və Vüqar Kərəmov (71 kq) MMA, Nihad Həsənli (29 kq), Elçin vəliyev (45 kq), Aydın Zeynallı (68 kq), Emin Həsənov (71 kq) və Ramazan İbiyev (+100 kq) pankration, Şahin Löymanov (56 kq) və Vüqar Kərəmov (71 kq) isə qrapplinq üzrə Azərbaycan çempionu titulunu qazanıblar.

Daydo-cuku:
Pirallahı stadionunun idman zalında daydo-cuku karate-do (kudo) üzrə keçirilən Bakı şəhər çempionatına yekun vurulub. Yeniyetmələr, qızlar, kişilər və qadınlar arasında təşkil olunan yarışda yetirmələrimiz ümumilikdə 23 medala (10 qızıl, 10 gümüş, 3 bürünc) sahib olublar.
Yeniyetmələr arasında Anar Məmmədov (240), Vladislav İsayev (250), Arif Səfərov (+260), qızlardan Mirvari Abbasova (220), kişilər arasında Amid Hacıyev (230), Qüdrət Nabatalıyev (250), Azad Əliyev (260), Cahid Qasımov (270), Şirxan İsmayılov (+270), qadınlardan isə Yuliya Mustafayeva (240) bütün qarşılaşmalardan qələbə ilə ayrılaraq, paytaxt yarışının qalibi adını qazanıblar.