Finlandiyanın Vantaa
şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.
Çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər
mübarizə aparıblar. Güləşçimiz Hacı Əliyev qızıl
medal qazanıb.
57 kq-da Qalib Əliyev 1/4 finalda Gennadi Tulbea (Monako) ilə
qarşılaşıb. Güləşçimiz 6:5 hesabıyla öndə olsa da, rəqibin əks fəndi ilə məğlub
olub. Təsəlliverici görüşə qatılmaq imkanını da əldən verən güləşçimiz
çempionatı medalsız tamamlayıb.
61 kq-da Hacı Əliyev inamlı təsir bağışlayıb. 1/8 finalda
Aleksandr Semisorovu (Almaniya) 14:4, 1/4 finalda isə gürcüstanlı Beka Lomtadzeni
12:6 hesabıyla üstələyib. Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə
gərgin keçən qarşılaşmanı da 9-7 öz xeyrinə başa vuran Hacı finala vəsiqə
qazanıb. Finalda onun rəqibili Rusiya təmsilçisi Bekxan Qoyqereyev olub. 12-5
hesabı ilə rəqibini üstələyən güləşçimiz Avropa çempionu adına layiq görülüb.
Qadın güləşçilərimizdən Patimat Baqomedova (53 kq) 1/8 finalda
Laura Mertensə (Almaniya) 7:2 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda
güləşçimiz Yunanıstandan olan Mariya Prevolarakiyə uduzub. Rəqib finala qədər
irəlilədiyindən Patimat təsəlliverici görüşə qatılıb və İtaliya güləşçisi
Françeska Morini tam üstünlüklə (10:0) məğlub edib. Həlledici görüşdə onun
rəqibi Rumıniyadan Anna Paval olub. Hesab bərabər olsa da təmsilçimiz
xəbərdarlıq aldığına görə görüşü məğlub başa vurub.
60 kq-da yarışan Yuliya Ratkeviç 1/8 finalda
Macarıstan təmsilçisi Ramano Qalamboşu 6:2 hesabıyla üstələyib. Lakin 1/4
finalda təmsilçimiz Mustafa Yuseynə (Bolqarıstan) məğlub olub - 4:8 və
mübarizəni dayandırıb.