Zurab Azmayparaşvili: “Biz olimpiadanı Bakıdan yaxşı keçirə bilmərik”

Zurab Azmayparaşvili: “Biz olimpiadanı Bakıdan yaxşı keçirə bilmərik”


Gürcüstan 2018-ci il şahmat olimpiadasının və 2017-ci ildə şahmat üzrə dünya kubokunun keçirilməsi üçün Beynəlxalq Şahmat Federasiyasına (FİDE) rəsmi sifariş göndərib. Gürcüstan bu tədbirlərin hər biri üçün 20 milyon dollar ayıracaq. Xatırladaq ki, Gürcüstanın idman nazirinin müavini və Avropa Şahmat İttifaqının prezidentliyinə namizəd Zurab Azmayparaşvili düz iki ay bundan əvvəl Gürcüstanın olimpiadanı Tbilisidə keçirmək niyyətində olmadığını bildirib.
Həmin vaxt o, bu barədə bunları demişdi: "Mən bizim nazirə demişəm ki, biz olimpiadanı Bakıdan (2016-cı ildə) yaxşı keçirə bilmərik. Elə etməliyik ki, heç olmasa bəzi məsələlərdə Azərbaycan paytaxtını üstələyək. Lakin Tbilisi olmasa hansı şəhərdən söhbət gedə bilər? Mən Batumini nəzərdən keçirirəm. Orada hər şey o qədər yığcamdır ki, olimpiada iştirakçıları mehmanxanadan yarışın keçiriləcəyi yerə piyada gedə bilərlər, halbuki Bakıda onlar avtobuslarla gedəcəklər”.
Xatırladaq ki, FİDE-nin prezidenti Kirsan İlyumjinov 2018-ci ildə keçiriləcək şahmat olimpiadasına Afrikanın Kamerun dövlətinin sifariş hazırladığını bildirib. Qeyd edək ki, bu ölkə olimpiadaya ev sahibliyi etmək arzusundadır.