I Avropa Oyunlarına hazırlıqla bağlı mətbuat konfransı keçirildi

I Avropa Oyunlarına hazırlıqla bağlı mətbuat konfransı keçirildi


Bu gün "Fairmont-Baku” hotelində 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına hazırlıqla bağlı mətbuat konfransı keçirildi. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Bakı Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş icraçı direktoru Cim Şerr, Əlaqələndirmə Komitəsinin sədri, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, Olimpiya Komitəsinin vitse-prezidenti Canez Koçijanciç və KİV nümayəndələri iştirak edirdilər.
Tədbirdə əvvəlcə "Bakı-2015”ə hazırlığın gedişini əks etdirən videoçarx nümayiş olundu.
Hazırlıq işlərinin yüksək səviyyədə getdiyini diqqətə çatdıran Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Canez Koçijanciç Azərbaycanın bu mötəbər yarışa müvəffəqiyyətlə ev sahibliyi edəcəyinə inandığını bildirdi. O qeyd etdi ki, Bakıda iki gün ərzində aparılan müzakirələr zamanı mühüm qərarlar qəbul olunub. Mətbuat konfransında Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə və peşəkarlar tərəfindən aparıldığı vurğulandı. Məlumat verildi ki, bu ilin iyun ayında Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərində test yarışları təşkil ediləcək. Həmin yarışları Avropa Olimpiya Komitəsinin və Avropa idman federasiyalarının nümayəndələri də izləyəcəklər.
Gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini dedi. Azad Rəhimov səkkiz idman növünün 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya oyunlarına lisenziya xarakteri daşıyacağını bildirdi.