Sərbəst güləş üzrə Azərbaycan yığması Avropa ikincisi oldu
Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb.
Azərbyacan Güləş Federasiyasının saytının verdiyi xəbərə əsasən, sərbəst güləş üzrə yığma komandamızın üzvləri çempionatı 2 qızıl və 2 gümüş medalla tamamlayıb. Qızıl medalları yığmamıza Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qazandırıb. Cəbrayıl Həsənov (74 kq) və Xetaq Qazyumov (97 kq) isə gümüş medala sahib olub.
Ümumilikdə, 47 xal toplayan sərbəst güləş yığmamız komanda hesabında Avropa çempionatını ikinci sırada tamamlayıb. İlk sırada 68 xalla Rusiya, üçüncü sırada isə 40 xalla Türkiyə yığmaları qərarlaşıb.
Qadın güləşi üzrə yığma komandamız isə, çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub. Qızıl medalı yığmamıza Mariya Stadnik (48 kq), gümüş medalı isə İrina Netreba (58 kq) qazandırıb.
Ümumilikdə, 29 xal toplayan qadın güləşçilərimiz komanda hesabında 6-cı sırada qərarlaşıb.