Pəhləvanlarımızın qitə çempionatında möhtəşəm qələbəsi

Pəhləvanlarımızın qitə çempionatında möhtəşəm qələbəsi



Finlandiyanın Vantaa şəhərində böyüklər arasında keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub. Təmsilçilərimiz qitə çempionatını 11 (4 qızıl, 5 gümüş, 2 bürünc) medalla başa çatdırıblar.
Çempionatın üçüncü günündə 74 kq və 125 kq çəkilərdə sərbəst, 55 kq və 69 kq çəkilərdə isə qadın güləşçilər mübarizə aparıblar. Azərbaycan güləşçiləri 3 çəki dərəcəsində çıxış edərək, 1 gümüş medal qazanıblar.
74 kq çəki dərəcəsində yarışan Cəbrayıl Həsənov mübarizəyə 1/8 finaldan başlayıb. O, ilk görüşdə Alberto Martineslə (İspaniya) qarşılaşıb və rəqibini 84 saniyə ərzində 10:0 hesabı ilə məğlub edib. 1/4 finalda İsveçrə güləşçisi üzərində vaxtından əvvəl qələbə qazanan Cəbrayıl yarımfinala çıxıb. Növbəti mərhələdə türkiyəli Soner Demirtaşla görüşdə 2:0 geridə olmasına baxmayaraq, "boxça” fəndi ilə rəqibinin kürəyini yerə vuran güləşçimiz finala vəsiqə qazanıb. Həlledici görüşdə Rusiya güləşçisi Ənvər Qeduyevlə qarşılaşmadan məğlub ayrılan Cəbrayıl komandamıza gümüş medal qazandırıb.
Digər idmançımız Cəmaləddin Məhəmmədov (125 kq) ilk görüşdə latviyalı güləşçi Dmitri Mixaylovu mübarizədən kənarlaşdırıb -10:0. Lakin o, növbəti mərhələdə gürcü Davit Modzmanaşviliyə uduzaraq mükafatçılar sırasından kənar qalıb.

69 kq-da mübarizə aparan qadın güləşçimiz Nadya Sementsova zədələndiyindən moldovalı rəqibi ilə görüşə çıxmayıb və mübarizəni dayandırıb.
Yarışların dördüncü günündə 70 kq və 86 kq çəkilərdə sərbəst, 63 kq və 75 kq üzrə çəkilərdə isə qadın güləşçilər mübarizə aparıblar.
Pəhləvanlarımız sərbəst güləş yarışlarında ölkəmizi təmsil ediblər. Onlardan Ruslan Dibirhacıyev qızıl medal qazanıb.
70 kq çəki dərəcəsində mübarizə aparan Ruslan 1/8 finalda Belarusdan olan Anton Afanasyevi 10:2 hesabı ilə üstələyib. Növbəti görüşdə macarıstanlı İstvan Qulyası da mübarizədən kənarlaşdıran təmsilçimiz yarımfinalda türkiyəli rəqibi Yakup Görü məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə isə pəhləvanımızı daha çətin sınaq gözləyirdi. Finalda erməni idmançısı Qriqor Qriqoryanla qarşılaşan güləşçimiz rəqibinə heç bir şans verməyib və vaxtından əvvəl qələbə qazanıb -12:2. Bu qələbə ilə Ruslan Avropa çempionu tituluna yiyələnib.
Digər güləşçimiz Həmzət Osmanov (86 kq) medal qazana bilməyib. 1/16 finaldan mübarizəyə başlayan idmançımız ilk görüşdə moldovalı Pyotr Yanulovla gərgin keçən qarşılaşmadan üstün ayrılıb. Növbəti mərhələdə türkiyəli Fırat Birincini asanlıqla mübarizədən kənarlaşdıran Həmzət Osmanov 1/4 finalda Macarıstan güləşçisi İstvan Vereblə görüşdə məğlub olub və mükafatçılar sırasından kənar qalıb.
Turnirin beşinci günündə 59 kq, 66 kq, 98 və 130 kq çəki dərəcələrində yarışan yunan-Roma güləşçiləri döşək üzərinə çıxıblar. Pəhləvanlarımız 1 gümüş və 1 bürünc medal qazanıblar.
59 kq-da mübarizə aparan Kamran Məmmədov 1/8 finalda Mixail Novakı (Çexiya) 5:0 hesabı ilə üstələyib. Növbəti görüşdə moldovalı Viktor Ciobanu ilə gərgin qarşılaşmada uduzan (3:2) Kamran rəqibin finala çıxması nəticəsində təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanıb. O, bürünc medal uğrunda yarışda Almaniya təmsilçisi Deniz Menekseni, həlledici görüşdə isə türkiyəli idmançı Rəhman Bilici məğlub edərək bürünc medala layiq görülüb.
1/16 finaldan mübarizəyə başlayan Həsən Əliyev (66 kq) birinci görüşdə Marius Tommeseni (Norveç), növbəti görüşdə isə almaniyalı Frank Steableri mübarizədən kənarldaşdırıb. 1/4 finalda yunanıstanlı Vladimiros Matiasa da 8:1 hesab ilə qalib gələn Həsən yarımfinala yüksəlib. O, növbəti görüşdə polşalı David Kareçinskiyə heç bir şans verməyib -6:0. Həlledici qarşılaşmada idmançımızın rəqibi rusiyalı Adam Kurak olub. Gərgin keçən mübarizənin sonunda güləşçimiz məğlub olaraq gümüş medalla kifayətlənib.
Digər təmsilçilərimiz Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) yarışları medalsız başa vurublar.
Çempionatın son günündə döşək üzərinə çəkisi 71 kq, 75 kq, 80 kq və 85 kq olan yunan-Roma güləşçiləri çıxıb. Pəhləvanlarımız çempionatın son günündə 1 gümüş və 1 bürünc medal qazanıblar.
71 kq çəki dərəcəsində medal iddiasında olan Rəsul Çunayev 1/8 finalda Sergey Mironovu (Latviya), növbəti görüşdə isə türkiyəli Yunus Özeli üstələyib. Ukrayna təmsilçisi Armen Vardanyana da rahatlıqla qalib gələn (9:0) Rəsul adını finala yazdırıb. Lakin həlledici mərhələdə güləşçimiz macarıstanlı Tamas Lorinczlə bacarmayıb. Rəqibinə məğlub olan pəhləvanımız gümüş medal əldə edib.
75 kq-da mübarizə aparan Elvin Mürsəliyev yarışlara 1/8 finaldan başlayıb. O, ilk görüşdə rusiyalı Aleksandr Çekirkinə məğlub olsa da, rəqib idmançının finala yüksəlməsi güləşçimizin təsəlliverici görüşlərə qatılmasına şərait yaradıb. Elvin əvvəlcə Polşa təmsilçisi Mateus Lukas Volni ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma güləşçimizin üstünlüyü ilə başa çatıb. Həlledici görüşdə Elvin Mürsəliyev macarıstanlı güləşçi Laszlo Szabonu 8:0 hesabı ilə üstələyərək qitə çempionatının bürünc medalına yiyələnib.
Digər idmançılarımız Rafiq Hüseynov (80 kq) və Saman Təhmasibi (85 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Beləliklə, 2 gümüş və 2 bürünc medal qazanaraq ümumilikdə 38 xal toplayan yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında Avropa çempionatını üçüncü sırada tamamlayıb. İlk sırada 54 xalla Rusiya, ikinci sırada isə 46 xalla Türkiyə yığmaları qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, sərbəst güləş üzrə yığma komandamızın üzvləri çempionatı 2 qızıl və 2 gümüş medalla tamamlayıblar. 47 xal toplayan sərbəst güləş yığmamız komanda hesabında qitə çempionatını ikinci sırada başa vurub. İlk sırada Rusiya (68 xal), üçüncü pillədə isə Türkiyə
(40 xal) yığması qərarlaşıb.
Qadın güləşi üzrə yığma komandamız isə çempionatı 1 qızıl, 1 gümüş medalla başa vurub və komanda hesabında 6-cı yeri tutub (29 xal).