XXX Avropa çempionatında gimnastlar 8 dəst medal uğrunda yarışacaqlar

XXX Avropa çempionatında gimnastlar 8 dəst medal uğrunda yarışacaqlar




2014-cü ildə Bakıda təşkil olunacaq bədii gimnastika üzrə XXX Avropa çempionatına hazırlıqla bağlı brifinq keçirilib.
"Fairmont-Baku” mehmanxanasında təşkil edilən tədbirdə əvvəlcə Avropa çempionatının videoçarxı nümayiş olunub.
Yarışa hazırlığın yüksək səviyyədə davam etdiyini diqqətə çatdıran Azərbaycan Gimnastika Federasiyasının və Avropa çempionatının Təşkilat Komitəsinin vitse-prezidenti Altay Həsənov ölkəmizin bu mötəbər yarışa müvəffəqiyyətlə ev sahibliyi edəcəyinə inandığını bildirib.
Qeyd olunub ki, qitə birinciliyi iyunun 13-dən 15-dək yeni inşa olunmuş Milli Gimnastika Arenasında keçiriləcək. Çempionat zamanı arena iki hissəyə bölünəcək. Arenanın bir hissəsində 1, ikinci hissəsində isə 11 xalça qurulacaq. Birinci hissədə yarışlar, digərində isə məşqlər keçiriləcək.
Altay Həsənov bildirib ki, qitə birinciliyində 33 ölkədən 258 gimnast 8 dəst medal uğrunda mübarizə aparacaq. Bakıda təşkil olunacaq çempionatda Avropanın ən güclü gimnastları yarışacaqlar. Azərbaycan gimnastlarının isə yerli azarkeşlərə böyük ehtiyacı var. Ümid edirik ki, idmansevərlər yarışda qızlarımıza dəstək olacaqlar.
Qarşıda daha məsuliyyətli turnirlərin olacağını diqqətə çatdıran vitse-prezident gələn il ölkəmizdə təşkil ediləcək birinci Avropa Oyunlarında gimnastikanın altı növü üzrə yarışların keçiriləcəyini vurğulayıb. Qeyd olunub ki, hazırda qadın idman gimnastikası və batut idman növlərinin ölkəmizdə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirən Avropa Gimnastika İttifaqının Bədii Gimnastika üzrə Texniki Komitəsinin rəhbəri Hayde Bruneder yeni istifadəyə verilmiş Milli Gimnastika Arenasının möhtəşəmliyindən danışıb.
Hayde Bruneder qeyd etdib ki, yunior gimnastların yarışlarında müəyyən yeniliklər tətbiq olunacaq. Gimnastlar komanda yarışlarında 4 deyil, 8 dəfə çıxış edəcəklər. Sonda altı ən yaxşı çıxışın nəticələri hesablanacaq. Şəxsi yarışlarda isə Avropanın 20 ən güclü gimnastı birincilik uğrunda yarışacaq.
Əvvəllər də Bakıda bədii gimnastika üzrə Avropa çempionatının keçirildiyini diqqətə çatdıran qonaq bu dəfəki yarışın da möhtəşəm olacağına və idmansevərlərdə xoş təəssürat yaradacayına ümid etdiyini bildirib. Vurğulanıb ki, gələn il Azərbaycanda ilk Avropa Oyunlarının təşkil olunması isə bu ölkənin çox böyük uğurudur. XXX Avropa çempionatının məhz Bakıda təşkil olunması da əlamətdar hadisədir. Çünki qrup yarışlarında ilk beş yeri tutacaq idmançılar birinci Avropa Oyunlarında iştirak etmək hüququ qazanacaqlar. Şəxsi yarışlarda mübarizə aparacaq gimnastlar isə birbaşa Avropa Oyunlarının iştirakçısı olacaqlar.
Sonra gimnastların çıxış ardıcıllığı barədə keçirilmiş püşkatma barəsində məlumat verən Hayde Bruneder Azərbaycanın yunior gimnastlarının 9-cu, böyüklərin isə 3-cü nömrə altında çıxış edəcəklərini diqqətə çatdırıb.
Azərbaycan milli komandasının baş məşqçisi Marina Vasileva çempionatda iştirak edəcək gimnastlarımız barədə məlumat verib.
Sonra Avropa çempionatının yeni saytı təqdim olunub. Üç dildə fəaliyyət göstərən www.baku2014.agf.az saytında çempionat haqqında ətraflı məlumat yerləşdirilib.
Məlumat verilib ki, çempionatın biletləri aprelin 20-də satışa çıxarılacaq. Biletləri şəhərin satış kassalarından, həmçinin Milli Gimnastika Arenasından və rəsmi saytdan əldə etmək mümkündür.