Ölkəmizdə milli güləşin inkişafı istiqamətində mühüm işlər görülür. Qədim ənənəsi olan pəhləvani güləşin inkişafı da diqqət mərkəzindədir. Pəhləvani güləş üzrə keçirilən yarışlar respublikamızda ənənə şəklini alıb. Belə turnirlərdə bölgə idmançıları da həvəslə iştirak edirlər. Zorxana və pəhləvani güləş üzrə V Azərbaycan çempiontı da maraqla izlənilən turnirlərdən biri olub. Bu yarışda 12 komandanın tərkibində 180 idmançı gücünü sınayıb. V ölkə çempionatında Sumqayıt təmsilçiləri də mübarizə aparıblar. "Gənclik şəhəri”nin idmançısı Xəyal Əliyev (90 kq) bu çəkidə güclü olduğunu göstərib. O, bütün görüşləri qalib kimi başa vuraraq Azərbaycan çempionu adını qazanıb. "Çempionat çox maraqlı və gərgin idman mübarizəsi şəraitində keçdi. Turnirdə müxtəlif çəki dərəcələrində 180 idmançı mübarizə apardı. Burada çıxış edənlər öz güclərinə güvənən, təcrübəli idmançılar idi. Buna görə də yarışda rəqabət böyük oldu. Çempionata ciddi hazırlaşmışdım. Qalib gəlmək istəyirdim. Şükürlər olsun ki, bunu bacardım. Bütün rəqiblərimi üstələyərək ölkə çempionu adına layiq görüldüm”, - deyə Sumqayıt güləşçisi bildirib.