“Gömrükçü” idman klubunun yetirmələri 2014-cü ilə uğurla başlayıblar

“Gömrükçü” idman klubunun yetirmələri 2014-cü ilə uğurla başlayıblar

Ölkəmizdə fəallığı ilə seçilən və idmanın inkişafına öz töhfəsini verən idman ocaqlarından biri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” idman klubunun yetirmələri 2014-cü ilə möhtəşəm uğurlarla başlayıblar. Klubun idmançıları müxtəlif idman növləri üzrə yarışlarda müvəffəqiyyətlə çıxış edərək, onlara bəslənilən etimadı doğruldublar. Bu il klubda yüksək uğura "Gömrükçü”İK-in üzvü, üzgüçü Elvira Həsənova imza atıb. Belə ki, yeniyetmələr arasında respublika birinciliyinin qalibi, üzgüçülük üzrə idman ustası Elvira Həsənova lisenziya normativini yerinə yetirərək Çinin Nancinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Xatırladaq ki, ötən il də "Gömrükçü”İK-in təmsilçiləri ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda uğurlu çıxışları ilə yadda qalmışdılar. İdman ocağının yetirmələri müxtəlif yarışlarda 68 medala (27 qızıl, 19 gümüş, 22 bürünc) sahib çıxmışdılar.

Bu il əsas uğur üzgüçülük, güləş və taekvondo idman növlərində əldə olunub

Artıq on altıncı ildir ki, fəaliyyət göstərən klubda futbol (qadın), boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo, üzgüçülük, cüdo, tamblinq kimi Olimpiya, sambo, uşu-sanda, pouerliftinq, kempo-karate və kobudo, universal döyüş, aşihara karate, muay-tay, şaolin-sanda, kikboksinq, budo, ciu-citsu, hava və ekstremal idman növləri kimi qeyri-Olimpiya idman növləri tədris olunur.
Hazırda cəmiyyətdə 200-dək yeniyetmə, gənc və böyükyaşlı idmançı adıçəkilən idman növlərinin sirlərinə yiyələnir.
2014-cü ildə klub təmsilçilərinin əldə etdikləri uğurlara gəlincə, bu il əsas nailiyyətlər üzgüçülüklə yanaşı, sərbəst və yunan-Roma güləşi, taekvondo idman növü üzrə əldə olunub.
Fevralın 13-14-də 1997-1999-cu illər təvəllüdlü yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə Bakı şəhər birinciliyində Sarvan Sadıqov (42 kq) və İmran Xanməmmədov (50 kq) bürünc medal əldə ediblər.
Martın 3-dən 7-dək sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyində də klubun idmançıları fərqləniblər. Elmar İsmayılov (74 kq) gümüş medal qazanıb. Sərbəst güləş üzrə yeniyetmələr arasında yarışlarda Əli Əminov (100 kq), Tehran Əminov (85 kq), Toğrul Cavadlı (120 kq) üçüncü yeri tutublar. Birincilikdə Sənan Əlimirəyev (74 kq) gənclər arasında yunan-Roma güləşi üzrə çempion tituluna yiyələnib. İbrahim Nurullayev (55 kq) üçüncü pillədə qərarlaşıb.
Martın 6-7-də taekvondo üzrə yeniyetmə qızlar arasında keçirilən Abşeron rayonunun açıq birinciliyində Fidan Babayeva (29 kq) və Nərgiz Məmmədzadə (37 kq) birinci, Ofeliya Allahverdiyeva (29 kq) ikinci, Zalikə Babayeva (41 kq) üçüncü pillədə qərarlaşıblar. Gənclər arasında isə Emiliya Əlizadə (55 kq) ümidləri doğruldaraq qızıl medala sahib çıxıb.

Martın 11-12-də Hövsan Olimpiya İdman Kompleksində IX Respublika Oyunlarının proqramına daxil olan Bakı zona yarışları keçirilib. 2000-2001-ci illər təvəllüdlü yunan-Roma güləşi üzrə yeniyetmələr arasında yarışlarda Əliheydər Əliyev (82 kq) və Murad Bağırov (+85 kq) üçüncü yerə layiq görülüblər.
Bu yaş qruppu üzrə sərbəst güləş üzrə yarışlarda isə Polad İsmayılov və İzzət Aşurov bütün rəqiblərini üstələyiblər.
Martın 14-15-də Azərbaycan Taekvondo Federasiyasının idman zalında taekvondonun pumse növü üzrə keçirilən respublika çempionatı və birinciliyində məşqçi Kazım Kazımovun rəhbərliyi altında "Gömrükçü” İK-in idmançıları yüksək uğurlar əldə ediblər. İkilik kateqoriya üzrə yarışda Zeynəb Gülüşova birinci, Emilya Əlizadə üçüncü olub. 2003-2005-ci illər təvəllüdlü oğlanlar arasında Vüqar Məcidli şəxsi birincilik və üçlük kateqoriya üzrə yarışda birinci yerə layiq görülüb. Asim Məmmədov üçlük kateqoriya üzrə yarışa birinci, şəxsi birincilikdə isə ikinci olub. Yaşar Məmmədli və Orxan Həşimov da üçlük kateqoriya üzrə yarışlarda bütün rəqiblərindən üstün olublar. Onlar şəxsi birincilikdə üçüncü pillədə qərarlaşıblar.
2003-2005-ci illər təvəllüdlü kiçikyaşlı qızlar arasında Aysu Məmmədova şəxsi birincilikdə birinci, üçlük kateqoriyada ikinci yerin sahibi olub. Ofeliya Allahverdiyeva isə şəxsi birincilikdə gümüş medala yiyələnib.
2001-ci il təvəllüdlü idmançıların yarışında Elgün Həmidov həm şəxsi həm də üçlük kateqoriya yarışında birinci yerə layiq görülüb. Bu yaş qrupunda Kənan Məmmədzadə üçlük kateqoriyada birinci, şəxsi birincilikdə üçüncü yeri tutub.
2000-2002-ci illər təvəllüdlü yeniyetmələr arasında Elgün Həmidov, Orxan Həşimov, Kənan Məmmədzadə yüksək səviyyəli çıxışları ilə fərqlənərək çempion olublar. Qızlar arasında Nərgiz Məmmədzadə hər iki kateqoriyada birinci, Fidan Babayeva isə üçlük kateqoriya üzrə II yerə layiq görülüb. Zalikə Babayeva şəxsi birincilikdə ikinci, üçlük kateqoriyada I yeri tutub. Zeynəb Gülüşova isə üçlük kateqoriyada birinci, şəxsi birincilikdə üçüncü olub. 1997-1999-cu illər təvəllüdlü qızlar arasında Emiliya Əlizadə şəxsi birincilikdə çempion adını qazanıb.
Hüseyn Əlizadə 1998-ci il təvəllüdlü oğlanlar arasında üçüncü yerə layiq görülüb. Kazım Kazımov kişilər arasında şəxsi birincilikdə II, üçlük kateqoriyada birinci olub. Yarışların yekununa əsasən "Gömrükçü” (Göyçay) komandası şəxsi birincilikdə II yerə çıxıb. Komanda üçlüklərin yarışında birinci yeri tutub.
Bununla yanaşı, klubun iki üzvü Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə türkiyəli mütəxəssislərin rəhbərliyi altında keçirilən hakimlik kurslarını müvəffəqiyyətlə başa vuraraq, idman dırmanması üzrə milli hakim adına layiq görülüblər.

"Ölkəmizdə idman yüksək səviyyəli dövlət qayğısı ilə əhatə olunub”

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri, sərbəst güləş üzrə dünya və Avropa çempionu Xəzər İsayev klub idmançılarının 2014-cü ilə uğurla başladıqlarını diqqətə çatdırdı. Ölkəmizdə idmanın yüksək səviyyəli inkişafından söz açan Xəzər İsayev klubun inkişaf etdirilməsində əsas məqsədin ölkə idmanına töhfə vermək olduğunu dedi: "Bu gün ölkəmizdə idman yüksək səviyyəli dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, təmsilçilərimiz ən mötəbər yarışlarda uğurlu nəticələr əldə edirlər. Paytaxtımızda ən mötəbər yarışlar yüksək səviyyədə keçirilir. Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə tarixdə ilk dəfə I Avropa Oyunları təşkil ediləcək. I Avropa Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik edir. İnanıram ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində I Avropa Oyunları paytaxtımızda ən yüksək səviyyədə təşkil olunacaq. Bununla yanaşı, ölkəmiz 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Əlbəttə ki, bu cür mötəbər idman tədbirlərinin təşkil olunduğu bir ölkədə müxtəlif idman təşkilatlarının, federasiyaların, idman ocaqlarının, klub və cəmiyyətlərin, idmançıların üzərinə böyük məsuliyyət düşür. Bir idman mərkəzi kimi bizim də məqsədimiz təmsilçilərimizin bu mötəbər yarışlarda müxtəlif idman növləri üzrə yarışlarda çıxış etmələrinə nail olmaqdır. İdman ailəsinə daxil olan mərkəz kimi qarşımızda dayanan əsas məqsəd bu sahəyə öz layiqli töhfəmizi verməkdir”.



"Gömrükçü” İK-nın üzgüçüsü Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanıb

Xəzər İsayev mərkəzdə fəaliyyət göstərən bütün idman növlərinin yüksək səviyyəli inkişafına böyük önəm verildiyini diqqətə çatdırdı: "Qeyd edim ki, mərkəzdə boks, taekvondo, cüdo, üzgüçülük və s. kimi Olimpiya növlərinin inkişafı üçün bir sıra tədbirlər planı həyata keçirilir. Taekvondo və boks idman növləri üzrə bölmələrə yeni məşqçilər cəlb etmişik. Cüdo idman növünün yüksək səviyyəli inkişafı ilə bağlı planlar həyata keçiririk. Ötən ildən etibarən mərkəzdə yeni idman bölmələri də fəaliyyətə başlayıb. Bunlar üzgüçülük və ekstremal idman növləri bölmələridir. Ötən ilin avqust ayında yaradılan üzgüçülük bölməsinin idmançıları bu növdə qısa müddət ərzində yüksək nəticələr qazanıblar. 4 idmançımız Azərbaycan çempionu adını qazanıb. Sevindirici haldır ki, üzgüçülük üzrə klubun yetirməsi Elvira Həsənova bu il Çinin Nancinq şəhərində keçiriləcək Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanıb. Ekstremal idman növlərindən olan idman dırmanması üzrə də iki idmançımız paytaxtımızda keçiriləcək Dünya kuboku yarışında qüvvəsini sınamaq imkanı əldə edib.
Qeyd edim ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən idmançılarımızın hərtərəfli məşq etmələri üçün yüksək səviyyəli şərait yaradılıb. Fürsətdən istifadə edib mərkəzin fəaliyyətinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevə minnətdarlığımı bildirirəm. Dövlət Gömrük Komitəsinin idman üzrə kuratoru Rza Həsənəliyev də idmançılarımızın problemləri ilə yaxından maraqlanır, öz diqqət və qayğısını əsirgəmir, mərkəzin fəaliyyəti üçün bizə lazımi köməyi göstərir”.
Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin rəhbəri idman ocağının təmsilçilərinin 2014-cü ilə uğurla başladıqlarını qeyd etdi. Bu il klub idmançılarının bir sıra yarışlarda fəallıq nümayiş etdirdiyin deyən Xəzər İsayev bu ilin ilk üç ayı ərzində qazanılan uğurları yüksək qiymətləndirdi:
"Qeyd etdiyim kimi, bizim əsas məqsədimiz idmanımızın inkişafına öz töhfəmizi verməkdir. Olimpiya oyunlarından sonrakı dövrdə "Gömrükçü” idman klubu məqsədyönlü fəaliyyətini davam etdirir. Təmsilçilərimizin qarşısında dayanan əsas məqsəd bu il Çinin Nancinq şəhərində keçiriləcək Yeniyetmlərin II Olimpiya Oyunları, 2015-ci ildə ölkəmizdə təşkil ediləcək Avropa Oyunları, 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq növbəti yay Olimpiya oyunları və 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşmaqdır. Sevindirici haldır ki, artıq bir idmançımız Yeniyetməlirən II Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Elvira Həsənovanın lisenziya normativini yerinə yetirməsi barədə məlumat Beynəlxalq Üzgüçülük Federasiyasının saytında da öz əksini tapıb. Çalışacağıq ki, bu oyunlarda və eləcə də qarşıdakı mötəbər yarışlarda ölkəmizi təmsil edə biləcək idmançıların sayını artıraq.
Bu il üzgüçülüklə yanaşı, yunan-Roma güləşi, sərbəst güləş, taekvondo kimi Olimpiya idman növlərində də uğurlarımız olub. Ölkəmizdə böyük populyarlığa malik olan güləş idman növü üzrə bir sıra istedadlı idmançılarımız yetişir. İlin əvvlində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə keçirilən ölkə çempionatında idmançılarımız qüvvələrini sınadılar. Böyük fəxrlə qeyd etmək itərdim ki, yarışın mükafatçıları sırasında "Gömrükçü” İK-in yetirmələri də var. Artıq 3-idmançımız sərbəst güləş, 2 idmançımız isə yunan-Roma güləşi üzrə yığma komandada yer alıb. Bu idmançılardan biri sərbəst güləş, ikisi isə yunan-Roma güləşi üzrə dünya və Avropa çempionatında ölkəmizi təmsil etmək hüququna malikdir. Sevindirici hal ondan ibarətdir ki, bu idmançılardan 4-ü mənim şəxsi yetirməmdir. Xatırladım ki, iki il bundan əvvəl məşqçilik fəaliyyətinə başlamışam və bu uğurlar ikiillik əməyin bəhrəsidir.
İnanıram ki, təmsilçilərimiz qazandıqları uğurlarla kifayətlənməyərək qarşıdakı yarışlarda da onlara bəslənilən etimadı doğruldacaq, daha da böyük nailiyyətlər qazanacaqlar. Ümidvaram ki, bu uğurların davamı Avropa Oyunları, yay Olimpiya oyunları, İslam Həmrəyliyi Oyunlarında əldə olunacaq”.

"Yetirmələrim gələcəkdə məşhur idmançı olmasalar da, yüksək peşəkarlığa malik bir mütəxəssisə çevrilə bilərlər”

Xəzər müəllim perspektivli idmançılar arasından yüksək potensiala malik istedadlı idmançıları seçməyin böyük zəhmət və peşəkarlıq tələb etdiyini bildirdi. Vaxtilə dünya və Avropa çempionu kimi yüksək zirvələri fəth etmiş təcrübəli mütəxəssis yetirmələri ilə öz biliyini paylaşmaqdan böyük zövq aldığını dilə gətirdi: "Əlbəttə ki, isdedadlı idmançını üzə çıxarmaq asan məsələ deyil. Bəzən məşqçinin təcrübəsizliyi üzündən perspektivli və istedadlı idmançı kənarda qalır. Bəzi hallarda məşhur bir məşqçi adi bir iş planını yaza blmir və ya onu peşəkar şəkildə tətbiq edib yerinə yetirə bilmir. Elə idmançılar var ki, sonradan məşqçi kimi peşəkar şəkildə püxtələşirlər. SSRİ güləş məktəbini keçmiş bir idmançı kimi bu sahədə geniş təcrübəm var. O dövrün hazırlıq prosesi özünəməxsusluğu ilə fərqlənirdi. Bu təcrübəni mən öz üzərimdə keçmişəm. Məşqlərdəki nizam-intizam, taktiki-texniki, fiziki hazırlıq mənim beynimə həkk olunub. 52 yaşım olmasına baxmayaraq, təcrübəmi yeni enerji ilə yetirmələrimə ötürürəm. Ən azından, yetirmələrim gələcəkdə məşhur idmançı olmasalar da, yüksək peşəkarlığa malik bir mütəxəssisə çevrilə bilərlər. Məşq prosesində yetirmələrimdən bildiklərimlə bağlı sirr saxlamıram. İdmançıların elmi, tibbi baxımdan da düzgün istiqamətləndirilməsi vacibdir. İdmançıların təkcə fiziki cəhətdən deyil, psixoloji cəhətdən də zərbə almamalarını təmin etmək lazımdır. Belə olan halda idmançının ömrü uzun olar. Öz yetirməsinə uğur qazandıran məşqçi, özünü yüksək məşqçilik vəzifəsini daşımış insan kimi hiss edir. Bəzi hallarda idmançının harada və necə məşq etməsindən məşqçinin xəbəri olmur. Məşqçi öz idmançısına düzgün istiqamət göstərmir, ona fərdi yanaşmır. İdmançı isə özü harda isə məşq edir, püxtələşir. Nəticə əldə olunduqda isə məşqçi onun öz əməyinin bəhrəsi kimi qiymətləndirilməsini tələb edir. Əlbəttə ki, bu cür hallar idmanın inkişafına öz mənfi təsirini göstərir. Bu baxımdan, yığma komandalara peşəkar məşqçi-mütəxəssislərin cəlb olunması, məşq sisteminin təşkilində onların fikirlərinin öyrənilməsi vacib məsələdir.
Aysel Sultanova