Milli Aviasiya Akademiyasında dünya şöhrətli futbolçu ilə görüş olub

Milli Aviasiya Akademiyasında dünya şöhrətli futbolçu ilə görüş olub

Aprelin 8-də Milli Aviasiya Akademiyasında (MAA) dünya şöhrətli futbolçu, SSRİ-nin Əməkdar idman ustası və Əməkdar məşqçi Ələkbər Məmmədov ilə görüş keçirilib.
Tədbirdə çıxış edən MAA-nın ictimai əlaqələr üzrə prorektoru Şəmsəddin Axundov futbolçu ilə bağlı xatirələrini danışıb.
Bildirib ki, futbolçu SSRİ yığma komandasının və Moskva "Dinamo”sunun heyətində dünyanın 20-dən artıq ölkəsində oyunlar keçirib. Vurduğu qollar, dəqiq ötürmələri sayəsində həmişə diqqət mərkəzində olmağı bacaran Ələkbər Məmmədov gözəl oyunu ilə o vaxt futbolsevərlərin sevimlisinə çevrilib.

Ələkbər Məmmədovun uşaq yaşlarından futbol ilə məşğul olduğunu diqqətə çatdıran Şəmsəddin Axundov qonağa MAA-nın rektoru Arif Paşayevin salamlarını çatdırıb.
Sonra Bakının AZAL futbol klubunun vitse-prezidenti Vaqif Qasımov əfsanəvi futbolçunun ölkə daxilində və xaricində keçirdiyi oyunlar barədə məlumat verib. Qeyd olunub ki, 18 yaşında Bakının "Neftçi” klubunda debüt edən Ələkbər Məmmədov ötən müddət ərzində paytaxt təmsilçisi ilə yanaşı, Moskva "Dinamo”su və SSRİ yığma komandasının da şərəfini qoruyub. O, Moskva "Dinamo”sunun şərəfini qoruduğu 1954-1959-cu illərdə heç vaxt özünü moskvalı kimi hiss etməyib, həmişə "Neftçi”nin və respublikamızın digər komandalarının çıxışlarını izləyib.
AZAL klubunun 9 nömrəli formasını qonağa təqdim edən Vaqif Qasımov futbolçuya uzun ömür və cansağlığı arzulayıb.
MAA-nın idman kafedrasının müdiri, SSRİ idman ustası, dosent Musa Musayev qeyd edib ki, Azərbaycan futbolunun veteranı Ələkbər Məmmədov İtaliyanın "Milan” komandasının qapısına bir oyunda 4 qol vuraraq rekorda imza atıb. Ələkbər Məmmədov əfsanəvi komandanın qapısına bu qolları ötən əsrin əllinci illərində - Moskvanın "Dinamo” komandası ilə İtaliyanın "Milan” futbol klubu arasında keçirilən görüş zamanı vurub. Bu, Ələkbər Məmmədovun nə dərəcədə peşəkar bir futbolçu olmasından xəbər verir.
Sonra MAA-nın müxtəlif kafedralarının əməkdaşları əfsanəvi futbolçuya xatirə hədiyyələrini təqdim ediblər.
Tədbirdə əfsanəvi futbolçu Ələkbər Məmmədov çıxış edərək bu görüşü təşkil etdiyinə görə MAA-nın rektoru Arif Paşayevə minnətdarlığını bildirib, Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb və yaxın günlərdə ölkəmizdə futzal üzrə UEFA kuboku yarışlarının "dördlər finalı”nın keçiriləcəyini diqqətə çatdırıb.
Ələkbər Məmmədov qeyd edib ki, böyük futbolun vətəni İngiltərə hesab olunsa da, mini futbolun Azərbaycanda meydana gəldiyini qürurla söyləmək olar. Hazırda ölkəmizdə futbolun inkişaf etdirilməsi istiqamətində xüsusi layihələr həyata keçirilir. Qazanılan uğurlar da göz qabağındadır. "Qarabağ” və "Neftçi” futbol komandaları ölkəmizi avrokubok yarışlarında uğurla təmsil edir, futzal üzrə milli komandamız isə yüksək səviyyəli yarışlarda mübarizə aparır. Ölkəmiz mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Amma bununla kifayətlənmək olmaz. Çünki ölkəmizdə idmanın inkişaf etdirilməsi üçün lazımi infrastruktur yaradılıb. Dövlətimizin başçısı İlham Əliyev həmişə idmana və idmançılara diqqət və qayğı ilə yanaşır.
Əfsanəvi futbolçunun yaradıcılığından və Azərbaycan futbolunun inkişafından bəhs edən film nümayiş olunduqdan sonra qonaq tələbələrin və müəllimlərin suallarını cavablandırıb.