Qadın güləşçilərimiz Minskdən qələbə ilə qayıtdılar

Qadın güləşçilərimiz Minskdən qələbə ilə qayıtdılar

Baş məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında Minsk turnirində iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Olimpnews.az saytının verdiyi xəbərə görə, Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçirilib. İdmançılarımızdan Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (59 kq) və Natalya Palamarçuk (67 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qızıl medalına sahib olublar. Diqqət çəkən məqam Yuliya Ratkeviçin finalda yığmamızın digər üzvü İrina Netrebaya qalib gəlməsidir. Bürünc medalları isə yığmamıza Anna Belyayeva (63 kq) və Səbirə Əliyeva (72 kq) qazandırıb.
Azərbaycan Güləş Fedeorasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov FİLA-nın nümayəndəsi kimi Aleksandr Medvedin mükafatı uğrunda 43-cü beynəlxalq turnirin təşkilinə və gedişinə nəzarət edib. Qeyd edək ki, xanım güləşçilərimiz martın 14-dək Minskdə Belarus güləşçiləri ilə birgə təlim-məşq toplanışında iştirak edəcəklər. Təlim-məşqlərin təşkili martın 19-24-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.