Azərbaycan Qolf Federasiyasında gənclərlə görüş keçirilib

Azərbaycan Qolf Federasiyasında gənclərlə görüş keçirilib


Azərbaycan Qolf Federasiyasında (AQF) gənclərlə görüş keçirilib. Görüşdə Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına "Gənc Nəqliyyatçılar” klubunun sədri Fuad Rəsul iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AQF-nin baş katibi Nigar Süleymanova gənclərə federasiya haqqında geniş məlumat verib. O, təmsil etdiyi qurumun hazırda başlıca məqsədinin Qolf Akademiyasında uşaqlara və gənclərə idmanın bu növünün öyrədilməsi və onların arasından ən bacarıqlılarının seçilərək Azərbaycanın ilk milli qolf komandasının yaradılmasından ibarət olduğunu vurğulayıb.
Nigar Süleymanovanın sözlərinə görə, AQF ölkədə qolfun məşhurlaşması üçün xüsusi proqram həyata keçirir. Bu proqram vasitəsilə məktəblərdə, universitetlərdə şagirdlər və tələbələr qolf oyunu ilə tanış olurlar. Sonra AQF-nin ictimai əlaqələr üzrə meneceri Ülviyyə Ələsgərova federasiyanın gələcək planları haqqında geniş məlumat verib.
AQF-nin qolf biznesinin inkişafı üzrə meneceri Könül Ağaverdiyeva isə idmanın bu növünün yaxın zamanlarda Azərbaycanda daha böyük uğur qazanacağına inandığını söyləyib.
Görüşdə bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb.