“Fəal ailəm, sağlam aləm”in təqdimatı oldu

“Fəal ailəm, sağlam aləm”in təqdimatı oldu



Aprelin 14-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Fəal ailəm, sağlam aləm” (FASA) layihəsinin təqdimatı mərasimi keçirildi. Tədbirdə MOK-un beynəlxalq proqramlar və oyunlar üzrə məsləhətçisi Mehman Kərimov, Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Qiyas Nəcəfov, MOK-un idman üzrə məsləhətçisi Vaqif Əliyev və icra aparatı rəhbərinin köməkçisi Həsənağa Rzayev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mehman Kərimov layihə haqqında ətraflı məlumat verdi. "Bu proqram Azərbaycanda ailələr arasında sağlam həyat tərzinin və Olimpiya Hərəkatının təbliğinə xidmət edir. Layihə 2013-2017-ci illər müddətində həyata keçiriləcək. Bildiyiniz kimi, 2015-ci ildə ilk Avropa Oyunları Bakıda keçiriləcək. 2017-ci ildə isə paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Qeyd olunan bu yarışlar ölkəmizin beynəlxalq arenada kifayət qədər tanınması üçün çox əhəmiyyətlidir. İlk dəfə olaraq bu proqramda Olimpiya çempionu Fərid Mansurov və əməkdar artist Tünzalə Ağayeva Olimpiya səfiri qismində iştirak edəcəklər. Ötən il Təhsil Nazirliyinin dəstəyi ilə 60-dan çox məktəbdə xüsusi təqdimatlar etmişik. Bu təqdimatlar vasitəsilə şagird, müəllim və valideynlərə Olimpiya dəyərləri və prinsipləri haqqında məlumatlar vermişik. Bakı da daxil olmaqla, 20 şəhər və rayonda təsnifat oyunları keçirilib. Həmin yarışların qalibləri final mərhələsinə vəsiqə qazanıblar. Ümumilikdə bu layihə çərçivəsində 5 min nəfər valideyn və 35 minə yaxın uşağı əhatə edə bilmişik. 30 mindən çox insan bu işdən dolayı yolla faydalanıb. Birbaşa vasitə ilə faydalanan insanların sayı isə, 33 mindən çox olub. Bunların isə ümumilikdə, 88 faizi məktəli uşaqlardır. Üçüncü mərhələdə dekabrın 22-də Bakı açıq ailəvi idman yarışı keçirilib. 15 ailə həmin final yarışında iştirak edib. Qaliblər kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. 2014-cü ildə də bir sıra layihələr nəzərdə tutulub. Təhsil Nazirliyi belə bir proqrama böyük maraq göstərib. Onlar bu ildən proqramın rəsmi partnyoru qismində çıxış edəcəklər. Yəqin ki, bu ayın sonuna yaxın üçtərəfli anlaşma memorandumu imzalanacaq. Uşaq atletikası üzrə fiziki tərbiyə müəllimləri üçün təlim kursu keçiriləcək. Bu, Beynəlxalq Atletika Federasiyasının son 5 ildə həyata keçirdiyi yeni təlimdir. Bizim bu il əsas məqsədimiz Bakı ilə yanaşı, 30 şəhər və rayon məktəbini əhatə etməkdir. Həmçinin 200 nəfər uşaq atletikası üzrə fiziki tərbiyə müəlliminin təlim kurslarından keçməsini gözləyirik. Kursu müvəffəqiyyətlə başa vuran müəllimlərə sertifikatlar təqdim olunacaq. Ümumilikdə 150 min nəfərdən çox insanın bu proqramın fəaliyyətindən faydalanmasını nəzərdə tutmuşuq. Bunun 70 faizini məktəb yaşlı uşaqlar təşkil edir. Biz çalışırıq ki, daha çox ailələr fəal və sağlam həyat tərzini seçsinlər”, - deyə o bildirdi.
Tədbirdə çıxış edən Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Qiyas Nəcəfov bildirdi ki, bu layihə bir sıra qurumları bir araya gətirib. "Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və "Coca-cola” şirkəti arasında razılaşmaya əsasən, yarışlara qatılan ən fəal ailələr yay tətilində Azərbaycanın bölgələrində və Gürcüstanada istirahət etmək imkanı qazanacaqlar. Layihənin əsas məqsədi isə 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına dəstək verməkdir. Biz bu layihə çərçivəsində Avropa ölkələrinə daha yaxın olduğumuzu sübut etmək istəyirik. İnanıram ki,gələcəkdə ölkəmiz daha böyük layihələrə imza atacaq. Bunun üçün bizdə yetərincə potensial və şərait var”, - deyə o əlavə etdi.