Aprelin 11-də alpinistlərimiz Firuz Dadaşov və İsrafil Aşurlı Nepal və Çin sərhədini keçərək, Nialam (3700 m) yaşayış məntəqəsinə çatıblar. Onlar yaxınlıqda yerləşən adsız zirvəyə (4550 m) akklimatizasiya (mühitə uyğunlaşma) yürüşü ediblər. Sonra isə təmsilçilərimiz əsas düşərgə (4850 m) istiqamətində yola düşüblər.
Xatırladaq ki, Azərbaycan alpinistləri Himalay dağlarının Şişabanqma (8027 m) zirvəsini fəth etməyi planlaşdırırlar.
Ekspedisiya bir aydan artıq davam edəcək.
Bu zaman alpinistlər süni oksigendən istifadə etməyəcəklər. Onlar təyin olunmuş marşrutla hərəkət edən zaman şerpaların (yüksəklikdə çalışan yükdaşıyanların) xidmətindən də yararlanmayacaqlar. Məlumat üçün bildirək ki, təcrübəli alpinist İsrafil Aşurlı Himalayın Everest (8848 m) və Kançenjanqa (8586 m) kimi zirvələrini fəth edib. O, 15 il ərzində 58 uğurlu ekspedisiya həyata keçirib.
Respublika Alpinist-turist klubunun idmançısı Firuz Dadaşov Azərbaycanın yığma komandasının üzvüdür. Mərkəzi Asiyanın 7000 m-dən hündür olan beş zirvəsindən dördünü fəth edib, Gürcüstan və Azərbaycan dağlarınıda uğurlu ekspedisiyalar həyata keçirib.