«Nəhənglər» Polşa səfərinə hazırlaşır

«Nəhənglər» Polşa səfərinə hazırlaşır


Aprelin 26-27-də Polşanın paytaxtı Varşavada sumo üzrə Avropa çempionatı keçiriləcək. 30-a yaxın ölkənin iştirak edəcəyi turnirdə Azərbaycan idmançıları da qüvvələrin sınayacaqlar. Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında Polşaya yollanan komandamız yarışda 10 idmançı ilə təmsil olunacaq.
Gənclər arasında keçiriləcək yarışda millimizi Arif Şahlarov (60 kq), Samir İsmayılov (70 kq), Kamran Rzayev (88 kq) və Rəsul Eldarzadə (92 kq) təmsil edəcək.
Böyüklərin mübarizəsində isə komandamızın heyətində yer alan Əmrah Əhmədov (70 kq), Soltan Ağayev (85 kq), Namiq Sadıqov (92 kq), Xəqani Səfərəliyev (100 kq), Əmiraslan Əhmədov (115 kq) və Sadiq Əhmədov (+115 kq) yarışacaq.
Qitə çempionatına hazırlığını «Sədərək» İdman klubunda keçən idmançılarımız aprelin 24-də Polşaya yollanacaqlar. Sumo Federasiyasının prezidenti Samir Abdullayevin dediyinə görə komanda qitə çempionatına tam hazırdır: «Mart ayının 3-də Azərbaycan çempionatı keçirildi. Bu yarışdan sonra yığma komandanın tərkibi müəyyən edildi. Aprelin 1-dən idmançılarımız təlim-məşq toplanışlarında iştirak edirlər. Bu hazırlıqlarda özlərini yaxşı tərəfdən göstərən idmançılara qitə çempionatında mübarizə aparmaq imkanı verildi. Hazırda sumoçularımız «Sədərək» idman klubunda gündə iki dəfə olmaqla məşqlərdə iştirak edirlər. Polşaya yollanacaq hər bir idmançı mükafatçılar sırasında yer almağa layiqdir. Komandamızın heyətində dünya və Avropa mükafatçılarının olduğunu nəzərə alsaq, yarışdan böyük nəticələrlə dönəcəyimizə inanıram. Xatırladım ki, ötən il Avropa çempionatında təmsilçilərimiz 5 qızıl medal qazanmışdılar. Fikrimcə, Polşada keçiriləcək yarış da sumoçularımız üçün uğurlu olacaq. Komandamız qitə çempionatına tam hazırdır».