Beynəlxalq “Prezident Kuboku-2014” reqatası başa çatdı

Beynəlxalq “Prezident Kuboku-2014” reqatası başa çatdı


Aprelin 18-dən 20-dək Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə, kayak və kanoe üzrə Beynəlxalq "Prezident Kuboku-2014” reqatası keçirildi. Ənənəvi reqatanın təşkilində məqsəd Azərbaycanda avarçəkmə növlərinin inkişafı, əhali arasında bu idman növünün populyarlığının artırılması və avarçəkənlərin hazırlıq dərəcəsinin təyin olunmasından ibarət idi. Turnirə Azərbaycan, Gürcüstan və Türkiyənin 150-dən çox idmançısı qatıldı. Azərbaycan və Gürcüstan hər iki növdə, Türkiyə isə kayak və kanoedə təmsil olundu.
Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa (2X) və sükansız (2-), eləcə də 4 nəfərlik qoşa (4X) və 4 nəfərlik sükansız (4-) qayıqlarla mübarizə apardılar. Bu növdə böyüklər, 23 yaşınadək və 18 yaşınadək avarçəkənlər 2000 metr, 1997-1998-ci illər təvəllüdlülər 1500 metr, 1999 - 2001-ci illər təvəllüdlülər isə 1000 metr məsafəyə yürüş etdilər. Yarış Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun təşkil olundu. Eyni yaş kateqoriyasında çıxış edən kayakçılar 1 nəfərlik (K-1), 2 nəfərlik (K-2) və 4 nəfərlik (K-4), kanoeçilər isə 1 nəfərlik (C-1) və 2 nəfərlik (C-2) qayıqlarla 200 metr, 500 metr, 1000 metr və 5000 metr məsəfələrə yürüşdə qüvvələrini sınadılar.
Beynəlxalq "Prezident Kuboku-2014”də kanoe üzrə 4 qat dünya və Avropa çempionu Valentin Demyanenko və Mirnazim Cavadov çıxış etmədilər. Hər iki idmançı zədə səbəbindən azarkeş kimi reqatanı kənardan izləməli oldular.
Əvəzində 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanmış akademik avarçəkən Boris Yotovun bu mövsüm il ilk sınağı məhz bu yarışa təsadüf etdi. Millinin bolqarıstanlı legionerinin bu yarışdakı çıxışını həm mütəxəssislər, həm də azarkeşlər maraqla gözləyirdilər. Yotovun 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə final yürüşündə əsas rəqibləri 23 yaşınadək avarçəkənlər arasında dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarında 5-ci yeri tutmuş Aleksandr Aleksandrov, bir çox beynəlxalq reqatanın mükafatçısı Cavid Əfəndiyev idi. Eyni zamanda, gürcüstanlı Arçil Bayaşvili də rəqabətə qoşulmuşdu. Yotov yürüşün sonunadək liderliyi əldən verməyərək, Beynəlxalq "Prezident kuboku”nun qalibi oldu. O, finişə 7 dəqiqə 53 saniyəyə çatdı. İkinci yeri tutan Aleksandrov qalibdən cəmi 7 saniyə, Əfəndiyev isə 21 saniyə geri qaldı.
Yürüşü izləyən akademik avarçəkmə üzrə milli komandamızın baş məşqçisi Yuliana Stoyeva turnirlə bağlı "Olimpiya dünyası” qəzetinə fikirlərini bildirdi. O, Yotovun çıxışından da razı qaldığını vurğuladı: "Bu reqatada Borisi bir daha izlədik. Aleksandrovun zədəsi var idi. Buna görə də uzun müddət məşqlərdən kənarda qalmışdı. Qeydə alınan nəticəni qənaətbəxş hesab etmək olar. Amma bu yürüşün nəticəsinə birmənalı qiymət vermək çətindir. Hələ bir neçə yarışda da iştirak etməliyik. 3 həftədən sonra Avropa çempionatı olacaq. Bundan sonra nə isə fikir yürütmək olar. Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında akademik avarçəkənlər qaydalara əsasən,1000 metr məsafəyə yürüş etməlidirlər. Burada isə onlar 2000 metrdə yarışdılar. Bunlar tam fərqli məsafələrdir. Ümid edirəm ki, Yotov həmin məsafədə də ümidləri doğruldacaq. Yotovun durumu normal olsa da, Aleksandrov hələ 2-3 həftə öncə hazırlıqlara başlayıb. Onun ciddi zədəsi var idi. Buna görə də təcrübəli avarçəkənimiz haqda optimist fikir bildirmək çətindir. Buyaxınlarda Bolqarıstanda təlim-məşq toplantısı keçirdik. İdmançıların fiziki durumu qaydasındadır. Hazırlığın bu mərhələsindən də razı qaldım”.

Rahib Səmədov,
Bakı-Mingəçevir-Bakı