Bakı-2015 Oyunları Akademiyası öz işinə başladı

Bakı-2015 Oyunları Akademiyası öz işinə başladı


Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi Bakı-2015 Oyunları Akademiyasının yaradılması təşəbbüsünün irəli sürülməsindən sonra Məzun Təlim Proqramı (MTP) üçün ərizələrin qəbuluna start verib.
Oyunlar Akademiyasının yaradılmasında məqsəd çevik öyrənmə üsulları ilə yanaşı, Azərbaycan və bütün Avropadan olan universitet məzunlarının Məzun Təlim Proqramında iştiraklarını təmin etmək, yerli qrup üzvlərinin bacarıqlarını və Oyunlarla bağlı biliklərini artırmaqdır.
Hər iki proqram Bakı-2015 Oyunları Akademiyasına Azərbaycanda potensial və dəyərli yerli irsin formalaşmasına dəstək olmaq imkanı verəcək.
Bu unikal təşəbbüsə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Gənclər Fondu rəhbərlik edir. Təşəbbüs Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən təsdiq edilib.
Azərbaycanın gənclər və idman naziri və Bakı-2015 ilk Avropa Oyunlarının icraçı direktoru Azad Rəhimov Məzun Təlim Proqramını şərh edərkən deyib: "Bu, Azərbaycandan və bütün Avropa ölkələrindən olan gənclərə ilk dəfə baş tutacaq Bakı-2015 ilk Avropa Oyunlarının uğurlu keçməsinə yardım göstərmələri üçün yaradılan imkandır. Biz gənc məzunların yolunu gözləyirik və onlara ilk karyera uğurlarını dünyanın möhtəşəm idman tədbirinin təşkilində qazanmaları üçün köməklik göstərəcəyik”.
2012 - 2014-cü illər arasında məzun olmuş istedadlı və həvəsli gənclər MTP-yə müraciət edə bilərlər. İlk Avropa Oyunlarında təcrübə toplamaq və öz istedadlarını artırmaq imkanı bəxş edən MTP 199 namizədi (Azərbaycan universitetlərindən 150 nəfər və Oyunlarda iştirak edəcək ölkələrin milli Olimpiya komitəsinin hər birindən bir nəfər olmaqla 49 nəfər) əhatə edəcək. Proqrama üç həftəlik intensiv təlim daxil ediləcək və bundan sonra iştirakçıların üzərinə bir il müddətində Oyunları planlaşdırmaq və həyata keçirmək kimi real öhədlik qoyulacaq. Onlara bu işdə beynəlxalq ekspertlərdən ibarət liderlər və təlimçilər yardım göstərəcək. Namizədlər sınaq tədbirlərində və Oyunların keçiriləcəyi vaxt ərzində geniş təcrübə toplayacaqlar. Yerli BAOƏK qrupu, həmçinin Çevik Öyrənmə Üsulu iştirakçıları idman tədbirləri üzrə əsas bacarıq və hazırlıq kursları ilə təmin edəcək. Bu kursları təcrübəli qrup üzvləri keçirəcək və namizədlər Oyunlarla bağlı yerinə yetirəcəkləri vəzifələrə hazırlıqlı olacaqlar.
Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki çıxısı zamanı deyib: "Bakı-2015 Oyunları Akademiyası Bakı-2015 Avropa Oyunlarının irəli sürdüyü tam yeni innovativ ideyadır, Azərbaycandan və Avropanın istənilən yerindən olan gənclər üçün olduqca faydalı olacaqdır. Bu akademiya AOK və BAOƏK-in idmanın idarə edilməsi ilə bağlı yüksək təcrübə nümayiş etdirmək məqsədilə İlk Avropa Oyunları üçün eyni missiyanı paylaşmasının bir nümunəsidir. BAOƏK-in istifadə etdiyi təchizat tərəfdaşları da Azərbaycan xalqının bu ideyanı dəstəklədiyini göstərir. Mən xüsusi olaraq Avropa milli Olimpiya komitələrinin bu Akademiyanın bir hissəsi olmaq üçün dəvət olunması təşəbbüsündən məmnunam və əminəm ki, Məzun Təlimi Proqramındakı 199 gənc Oyunların təşkilatçılarına və AOK-a faydalı yardım göstərəcəklər”.
Bakı-2015 Oyunları Akademiyasının təşkil olunması ilə bağlı Azərbaycan Gənclər Fondunun nümayəndəsi isə bildirib ki, Azərbaycan Gənclər Fondu Bakı-2015 Oyunları Akademiyasının inkişafına yardım etməkdən şərəf duyur və inanır ki, bu innovativ təşəbbüs gənclərimizi həvəsləndirəcək.
Bakı-2015 Oyunları Akademiyasının məsul şəxsi Gavin McAlpine Oyunlar Akademiyasının irimiqyaslı tədbirlər sənayesində unikal bir hadisə olacağını vurğulayıb: "Bu cür irimiqyaslı tədbirdə insanlar, gələcək karyeralarını müəyyən edəcək, bilik və təcrübə qazanacaqlar”.
Məzun Təlimi Proqramına qoşulmaq istəyənlər http://www.baku2015.com/en/gamesacademy internet saytında Məzun Təlimi Proqramına müraciət edə bilərlər.
Ərizələr 08.05.2014-cü il tarixinədək qəbul edilir.