Bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçirildi

Bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçirildi


Aprelin 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçirildi.
Yarışlarda 25 senyor gimnast, həmçinin 1999-2001-ci illər təvəllüdlü gimnastlar iştirak edirdilər. Turnirdə Respublika Kompleks İdman Məktəbinin və "Baku Flames” klubunun gimnastları ilə yanaşı, "Neftçi”, Bakı Gimnastika Məktəbi, "Spartak” İC, Şağan Olimpiya İdman Kompleksi və "Ocaq Sport Klubu”nun idmançıları da mübarizə aparırdılar.
Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışırdılar. Qeyd edək ki, Azərbaycan çempionatında Qazaxıstan, Macarıstan və digər ölkələrdən dəvət olunan gimnastlar müsabiqədənkənar çıxış etdilər. Maraqlı idman mübarizəsi şəraitində keçən XXI Azərbaycan çempionatında yuniyorlar arasında Jalə Piriyeva halqa və gürzlərlə yarışda birinci yerə layiq görüldü. Top və lentlə yarışlarda isə Züleyxa İsmayılova fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. O, həmçinin yuniyorlar arasında çoxnövçülük yarışlarında da birinci yerə sahib çıxdı. Böyüklər arasında topla və gürzlərlə yarışlarda Marina Durunda çempionatın qalibi adını qazandı. Halqa ilə yarışlarda Lalə Yusifova, lentlə yarışlarda isə Gülsüm Şərifzadə qızıl medala yiyələndi.
XXI Azərbaycan çempionatının böyüklər arasında çoxnövcülük yarışlarının qalibi isə Marina Durunda oldu.
Məlumat üçün qeyd edək ki, bu turnir iyunun 13-dən 15-dək Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ərəfəsində sınaq məqsədi daşıyırdı.

Çempionatın bağlanış mərasimində çıxış edən Gimnastika Federasiyanın vitse-prezidenti Altay Həsənov ölkəmizin gimnastika məktəbinin nailiyyətlərinin dünyanın idman ictimaiyyəti tərəfindən təqdir edildiyini bildirdi. O, ölkəmizdə gimnastikanın müasir və inkişaf etmiş infrastrukturu olan ən sevimli idman növlərindən biri olduğunu qeyd etdi. "Müasir dünya standartlarına cavab verən bu idman qurğusu ölkəmizdə gimnastikanın inkişafına təkan verəcək. Bu növdə bir sıra uğurlarımız var. Bütün bunlar ölkəmizin birinci xanımı Mehriban
Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub.
Hazırda ölkəmizdə idmançı olmaq, sözün əsl mənasında, şərəfli bir işdir. Bu, bədii gimnastikada da nəzərə çarpır. İdmançılar bu gün biri-birindən gözəl çıxışlar nümyaiş etdirdilər.
İnanıram ki, gimnastlarımız bu arenada gələcək yarışlarda da uğurlu çıxışları ilə yadda qalacaqlar. Fikrimcə, arenaya toplaşan azarkeşlər sözün əsl mənasında idman bayramının şahidi oldular. Bu tədbirin ərsəyə gəlməsində hər kəsə, xüsusilə də Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”, - deyə Altay Həsənov qeyd etdi.

Gənclər və idman naziri Azad Rəhimov yarışın yüksək səviyyədə keçirildiyini bildirdi: "Bu gün həqiqətən də çox gözəl yarışa şahidlik etdik. Müxtəlif idman ocaqlarından olan çox istedadlı gimnastlar uğurlu çıxışları ilə diqqətləri özlərinə çəkdilər. İnanıram ki, bu idmançıların uğurları gələcək yarışlarda da davam edəcək. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda ümummilli liderin siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun diqqət və qayığısının nəticəsidir ki, idmançılarımız iştirak etdikləri turnirlərdə yüksək nailiyyətlər qazanırlar. İdmançılarımızın göstərdikləri yüksək nəticələr respublikamızın təkcə idman sahəsində potensial imkanlara malik olmasını nümayiş etdirmir. Bu həm də Azərbaycanda idmana dövlət qayğısını əks etdirən göstəricilərdən biridir. Respublikamızda idmanın maddi-texzniki bazası günü-gündən gücləndirilir. Azərbaycan ən nüfuzlu idman yarışlarının ev sahibinə çevrilib. Gənc nəslin inkişafı, həyat tərzi, kütləvi şəkildə idmana cəlb edilməsi çox vacibdir. Bu ölkə rəhbərliyinin prioritet məsələlərindən biridirdi”.
Dövlət himni səsləndirildikdən sonra XXI Azərbayxan çempionatı bağlı elan olundu.