Çaparımız Dünya kubokunun finalına vəsiqə qazanıb

Çaparımız Dünya kubokunun finalına vəsiqə qazanıb

Azərbaycanlı çapar Camal Rəhimov beynəlxalq arenada uğurlu çıxışını davam etdirir. O, Fransanın Lion şəhərində keçirilən konkur üzrə Dünya kubokunun finalına çıxıb. Finalda il ərzində müxtəlif turnirlərdə xal toplayaraq kvalifikasiyanı keçə bilən çaparlar iştirak edirlər.

Camal Rəhimov son dərəcə güclü və uğurlu çaparlarla mübarizə aparır. Onların arasında şəxsi konkurda Olimpiya çempionu isveçrəli Stiv Qerda, Fransanı təmsil edən Avropa çempionu Kevin Staut, dünya reytinqinin lideri, ingiltərəli Skott Braş və digərləri var. Ümumilikdə isə yarışda dünyanın 20 ölkəsindən 41 idmançı çıxış edir. Ən çox idmançını ABŞ (11), Almaniya (5) və Fransa (3) göndərib.
"Warrior” ləqəbli atı ilə çıxış edən Camal Rəhimov Dünya Kubokunun ilk günündə məsafəni itkisiz keçib. İkinci gün isə bir maneəni yıxan çaparımız, kiçik uğursuzluğa baxmayaraq final hissəsində çıxış etmək hüququ qazanan 30 idmançı sırasına daxil ola bilib. Camalın çıxışı mütəxəssislər tərəfindən qeyd olunub və onlar Azərbaycan təmsilçisinin ən gənc iştirakçı olduğunu bildiriblər.