Azərbaycan alpinistləri İsrafil Aşurlı və Firuz Dadaşov Himalay dağlarının Şişabanqma (8027 m) zirvəsini fəth etməyə doğru iləliləyirlər. Artıq üç gündür ki, onlar 5700 m hündürlükdə yerləşən "Advanced Base Camp” (AVS) düşərgəsindədirlər. Hazırda idmançılarımız düşərgənin qaydaya salınması ilə məşğuldurlar. Dünən İsrafil Aşurlı təchizatın bir hissəsini 5900 m hündürlüyündə yerləşən buzlağa qaldırıb.
Hava şəraiti yaxşılaşandan sonra alpinistlər ilk hündür C1 düşərgəsi istiqamətində yola çıxacaqlar.
Xatırladaq ki, Azərbaycan alpinistləri Himalay dağlarının Şişabanqma (8027 m, başqa adları Şişa-Panqma və ya Qosaintan) zirvəsini fəth etməyi planlaşdırırlar. Ekspedisiyanın müddəti təqribən 1,5 aydır.
Alpinistlər süni oksigendən istifadə etməyəcəklər. Marşrutla qalxan zaman şerpaların (yüksəklikdə çalışan yükdaşıyanların) xidmətindən də istifadə etmək fikrində deyillər. Marşrut qalxma idman üslubunda keçiriləcək.
Qeyd edək ki, İsrafil Aşurlı Himalayın Everest (8848 m) və Kançenjanqa (8586 m) kimi səkkiz min metr hündürlüyü olan zirvələrini fəth edib. "Qar bəbiri” titulunun sahibi 15 il ərzində Antarktida və Arktika daxil olmaqla dünyanın bütün qitələrində 58 uğurlu ekspedisiya həyata keçirib.
Heyətin digər bir üzvü Firuz Dadaşov respublika alpinist-turist klubunun idmançısı, Azərbaycanın yığma komandasının üzvüdür. O, mərkəzi Asiyanın 7000 m-dən hündür olan beş zirvəsindən dördünü fəth edib, Gürcüstan və Azərbaycan dağlarında uğurlu ekspedisiyalar keçirib.