Qalib jurnalistlər mükafatlandırıldı

Qalib jurnalistlər mükafatlandırıldı



Aprelin 19-da Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə elan etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırma məsarisimi keçirilib.
Mərasimi açıq elan edən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, keçrilmiş müsabiqənin məqsədi ölkədə qarşıdakı illərdə müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların mahiyyətinin KİV vasitəsilə Azərbaycan cəmiyyətinə düzgün çatdırılmasına nail olmaqdan ibarət olub.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov isə təhsilin cəmiyyət həyatında oynadığı rola diqqət çəkib. O, təhsil məsələlərinin işıqlandırılmasında və cəmiyyətə təqdim edilməsində KİV-lərin olduqca mühüm missiya yerinə yetirdiyini bildirib. "Media təhsildə baş verən proseslər barəsində cəmiyyətdə fikir formalaşdırır. Təhsil Nazirliyi KİV nümayəndələri ilə münasibətləri daha da yaxşılaşdıraraq, xoş əməkdaşlıq yaradıb. Bu münasibətin davamlı olması bizim üçün çox önəmlidir, ümidvaram ki, belə də olacaq”.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə müsabiqə barədə iştirakçılara geniş məlumat verib. "Müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib. Yazılar təhsil sektorunu əhatə edən 5 istiqamət üzrə hazırlanıb. Müsabiqəyə təqdim edilən yazıların hər biri Təhsil Nazirliyinin üç eksperti tərəfindən qiymətləndirilib. Ümumilikdə, 25 nəfər olmaqla, hər istiqamət üzrə qaliblər və həvəsləndirici yerlərin sahibləri müəyyənləşib. Müsabiqə şərtlərinə uyğun olaraq 15 nəfər əsas mükafata, 10 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Hər istiqamət üzrə 1-ci yeri tutan jurnalistlərə 1000 manat, 2-ci yerlərin qaliblərinə 700 manat, 3-cü yerlərin qaliblərinə 500 manat, həvəsləndirici yeri tutan 10 jurnalistin hər birinə isə 200 manat məbləğində mükafat verilməsi nəzərdə tutulub”.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Şaiq Əsgərov da müsabiqənin mühüm əhəmiyyət kəsb etdiyini açıqlayıb. Təhsilin inkişafı və bu sahədə görülən işlərin əhəmiyyətindən danışan Şaiq Əsgərov gələcəkdə də bu cür müsabiqələrin dəstəklənməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonda qaliblərə və həvəsləndirici mükafatlara layiq görülən jurnalistlərə diplomlar və pul mükafatlar təqdim olunub.
Məlumat üçün bildirək ki, qəzetimizin əməkdaşı Anar Əhmədov da həvəsləndirici mükafata layiq görülüb.