«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası



Sambo:
İspaniyanın Kaseres şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə Avropa birinciliyinə yekun vurulub. «Neftçi İdman Klubu»nun Azərbay­can yığma komandasının heyətində yer almış samboçularından altısı qitə yarışının mükafatına sahib olub. İdmançılarımızdan 56 kq çəki dərəcəsində mübarizə aparan Fərid Qardaşxanov bütün görüşləri qələbə ilə başa vuraraq Avropa çempionu titulunu qazanıb. Yalnız finalda məğlub olan Fuad Məmmədov (57 kq), Elvin Ağayev (62 kq) və Natiq Sarıyev (65 kq) isə gümüş medala layiq görülüblər. Ülvi Xankişiyev (48 kq) və Elton Quliyev (60 kq) yarışı 3-cü yerdə başa vurublar.

Karate:
Latviyanın paytaxtı Riqa şəhərində şərq döyüş növlərinin olimpiadası keçirilib. Klubumuzun yarışa qatılan 10 idmançısından 4-ü fəxri kürsüdə yer alıb. WKF versiyası üzrə çıxış edən təmsilçilərimizdən Səbuhi Nuriyev (70 kq), Məhərrəm Musayev (+55 kq) və Orxan Musayev (+75 kq) liderliyə yüksəliblər. Əziz Abbasov (+45 kq) isə bürünc medala yiyələnib.

***
Macarıstan Respublikasının Eger şəhərində karate-do üzrə Avropa çempionatı sona çatıb. «Neftçi İdman Klubu»nun böyük əzmkarlıq nümayiş etdirən karate ustaları Elvin Quliyev (21-39 yaş, 65 kq) və Sədi Namazov (kumite) çempionatın qızıl medallarına sahib çıxıblar. Əli Fərzəliyev (21-39 yaş, 80 kq), Babək İsmayılov (12-13 yaş, kumite), Tərlan Cavadov (21-39 yaş, kumite) və Əbdül Əkbərzadə (16-17 yaş, kumite) isə 2-ci yeri tutublar.

Güləş:
Bakı Olimpiya İdman Kompleksində yeniyetmələr və gənclər arasında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda beynəlxalq turnir davam edir. Artıq yunan-Roma güləşi üzrə yarışlar sona çatıb.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Latviya, Gürcüstan, Tacikistan, Özbəkistan, Belarus və İsveçrə pəhləvanları da qüvvələrini sınayıblar.
Yunan-Roma güləşi üzrə 100-ə qədər idmançının iştirak etdiyi yeniyetmələrin yarışında klubumuzun yetirmələri 8 medal (3 qızıl, 3 gümüş, 2 bürünc) əldə ediblər. Onlardan Seymur Hüseynov (46 kq), İqbal Əliyev (76 kq) və Elgün Hüseynzadə (50 kq) federasiya kubokunun qalibi olublar. 106 pəhləvanın mü­barizə apardığı gənclərin yarışında isə klubun 11 idmançısı (5 qızıl, 3 gümüş, 3 bürünc) mükafat sahibi olub. Təmsilçilərimizdən Sakit Muxtarov (66 kq), İslam Abbasov (84 kq) və Orxan Nuriyev (96 kq) qızıl medallara yiyələniblər.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında ölkəmizin idmançıları ümumilikdə 20, gənclər arasında isə 15 medal qazanaraq hər iki yaş qrupunda komanda hesabında 1-ci yeri tutublar.

Pankration:
«Sərhədçi» Olimpiya İdman Kompleksində keçirilən MMA üzrə beynəlxalq turnirə klubumuzun idmançıları da qatılıblar. Onlardan Heydər Məmmədəliyev (77 kq) bütün döyüşlərdən qalib ayrılaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bayram Şəmmədov (62 kq) və Vüqar Kərəmov (66 kq) isə turnirin gümüş medallarına layiq görülüblər.

Gimnastika:
Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Bakı şəhər birinciliyi başa çatıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda «Spartak» İC, «Neftçi İdman Klubu» İB, İOEUGGM, RKİM, «Sərhədçi», «Şağan» OİK, «Baku Flaymes», «Ocaq Sport» İK və Nizami rayon UGİM-dən 184 gimnast bacarığını nümayiş etdirib.
«Neftçi İdman Klubu»nun idmançıları aşkar üstünlükləri ilə seçiliblər. Nəticədə gimnastlarımız hər yaş qrupunda mükafatalayiq yerlər tutmağa müvəffəq olublar. 2004-cü il təvəllüdlü idmançılar arasında Arzu Cəlilova (çoxnövçülük) və Vəfa Həsənzadə (2002, çoxnövçülük) paytaxt çempionluğuna yüksəliblər. Cahan Əliyeva (2006), Sona Rəhmanova (2002) və Zöhrə Ağamirova (2001, hamısı çoxnövçülük) 2-ci, Məryəm Səfərova (2003, çoxnövçülük) isə 3-cü yerə çıxıb.
Ümumi hesabda «Neftçi İdman Klubu»nun komandası turnirin qalibi adını qazanıb.

Paralimpiya:
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paralimpiyaçılar arasında pauerliftinq üzrə dünya çempionatı keçirilib. 60-dan artıq ölkənin 370 paralimpiyaçısının qalib adı uğrunda mübarizəyə qoşulduğu çempionat gərgin idman mübarizəsi şəraitində keçib. «Neftçi İdman Klubu»nun yetirməsi, 107 kq çəki dərəcəsində çıxış edən Elşən Hüseynov 230 kq ağırlığın öhdəsindən gələrək dünya üçüncüsü olub.
«Neftçi İdman Klubu» İB-nin mətbuat xidməti