Federasiya kuboku başa çatdı
Aprelin 19-da Bakı Olimpiya İdman Mərkəzində start götürən sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında güləş üzrə Azərbaycan Güləş Federasiyasının Kuboku başa çatıb.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Belarus, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri də iştirak ediblər. Yarışların proqramına əsasən, çempionatın birinci günündə yunan-Roma güləşi üzrə yeniyetmə pəhləvanlar mübarizə aparıblar. Yunan-Roma güləşçilərinin mübarizəsində 100-dək idmançı 10 çəki dərəcəsində qüvvəsini sınayıb. Pəhləvanlarımız ilk gündə 6 qızıl, 7 gümüş və 7 bürünc medal qazanıblar. Ümumilikdə 20 medala sahib çıxan yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında birinci yerə layiq gürülüb. Türkiyə ikinci, İran isə üçüncü pillədə qərarlaşıb.
Turnirin ikinci günündə yunan-Roma güləşi üzrə gənclər arasında yarışlar keçirilib. 106 pəhləvanın mübarizə apardığı yarışda gənc güləşçilərimiz 6 qızıl, 4 gümüş və 5 bürünc medala yiyələniblər. Bu nəticə ilə yığmamız komanda hesabında birinci pillədə qərarlaşıb. Gürcüstan və Türkiyə güləşçiləri isə, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Turnirin proqramına əsasən, yarışların üçüncü günündə
sərbəst güləş üzrə yeniyetmə pəhləvanlar mübarizəyə qoşulublar. 70 pəhləvanın mübarizə apardığı yarışda idmançılarımız 6 qızıl, 5 gümüş və 10 bürünc medala sahib çıxıblar. Sərbəst güləş üzrə yeniyetmə yığmamız bu nəticə ilə komanda hesabında Gürcüstan və Macarıstanı qabaqlayaraq ilk pillədə qərarlaşıb.
Çempionatın son günündə sərbəst güləşçilər döşək üzərinə çıxıblar. Gənclər arasında keçirilən yarışda pəhləvanlarımız 4 qızıl, 6 gümüş və 8 bürünc medala layiq görülüblər. Bu nəticə ilə pəhləvanlarımız komanda hesabında birinci yeri tutublar. İran ikinci, Qazaxıstan isə üçüncü yerə sahib çıxıb.
olimpnews.az