Müsabiqə qalibləri mükafatlandırıldılar

Müsabiqə qalibləri mükafatlandırıldılar

Aprelin 23-də Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib. Konfransa Respublikasının aparıcı qəzetlərin, informasiya agentliklərinin və xəbər portallarının baş redaktorları, Sabunçu rayonunun icra strukturlarının rəhbərləri iştirak ediblər.

Konfransdan əvvəlcə Sabunçu rayonunun sosial-iqtisadi inkişafına həsr edilmiş qısametrajlı film nümayiş etdirildi. Daha sonra konfransı giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayon ictimaiyyətinin media nümayəndələri ilə bu formatda görüşünün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Rayon haqqında məlumat verən Adil Vəliyev Sabunçunun Bakının 3 ən böyük rayonlarından biri oludğunu diqqətə çatdırıb. İcra başçısı burada fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlər barədə də geniş məlumat verib. Jurnalistikanın cəmiyyətin həyatında oynadığı rola toxunan Adil Vəliyev Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət tərəfindən böyük diqqət göstərildiyini vurğulayıb. O, Sabunçu RİH-nin media ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Fondun iştirakı ilə bu qəbildən olan tədbirlərin artıq ənənəvi xarakter aldığını bildirib. O, paytaxtla bərabər, regionlarda da artıq belə çoxsaylı tədbirlərin keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Bununla yanaşı, Vüqar Səfərli Azərbaycan milli mətbuatının inkişaf yoluna da nəzər salıb: "Milli mətbuatımızın inkişaf tarixini 3 dövrə bölmək olar. Birinci dövr mətbuatımızın əsası qoyulduqdan sovetlər hakimiyyətinin qurulmasına qədər olan müddəti əhatə edir. Növbəti dövr isə sovet hakimiyyəti illərini əhatə edir. Nəhayət üçüncü dövr Azərbaycanın yeni müstəqillik tarixini əhatə edən mərhələdir”.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan mediasının inkişaf yolundan danışan Vüqar Səfərli ulu öndər Heydər Əliyevin kütləvi informasiya vasitələrinə həmişə böyük qayğı ilə yanaşdığını vurğulayıb. "Ümummilli liderin mətbuat üzərində senzuranın ləğvinə dair fərmanı ilə Azərbaycanda söz, məlumat və fikir azadlığının təməli qoyuldu. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin "2009-cu il aprel ayının 3-də imzaladığı fərmanla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond il ərzində KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqələr elan edir. Eyni zamanda, müxtəlif icra orqanları ilə birlikdə jurnalistlər arasında fərdi yazı müsabiqələrinin təşkilini həyata keçirir”, - deyə icraçı direktor bildirib.
Vüqar Səfərli vurğulayıb ki, dövlət başçısı jurnaslitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də konkret addımlar atır: "Buna konkret nümunə kimi ötən ilin iyulun 22-də cənab Prezidentin iştirakı ilə açılışı olmuş binanın media nümayəndələrinə təqdim olunmasını göstərmək olar. Daha bir binanın isə inşası davam etdirilir. Bütün bunlar cənab Prezidentin mediaya böyük diqqət və qayğısının bariz nümunəsidir”, - deyə o əlavə edib.
Çıxışlar başa çatdıqdan sonra Sabunçu Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda birgə elan edilmiş müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasiminə başlanılıb. 1-ci yerə bir nəfər, 2-ci yerə iki nəfər, 3-cü yerə üç nəfər, 10 nəfər isə həvəsləndirici mükafata layiq görüldü. 1-ci yerin qalibinə 1000, 2-ci yerin qalibinə 800 manat, 3-cü yerin qalibinə 600 manat, həvəsləndirici yerlərin qaliblərinə isə 200 manat məbləğində pul mükafatı verilib.