Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirildi

Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirildi



Gənclər və idman naziri Azad Rəhimov KİV nümayəndələri üçün mətbuat konfransı keçirdi. Son 3 ayın yekunlarına həsr olunmuş tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmiləri və KİV nümayəndələri iştirak edirdilər.
2013-cü ildə Azərbaycanda gənclərlə bağlı iş sahəsində 192 tədbirin həyata keçirildiyini bildirən Azad Rəhimov qeyd etdi ki, bu tədbirlərdən 38-i beynəlxalq, 154-ü isə yerli olub. Həmin tədbirlərdə, ümumilikdə, 200 mindən artıq gənc iştirak edib.
Nazir qeyd etdi ki, ötən il Gəncə şəhəri 2016-cı ilin Avropa Gənclər paytaxtı seçilib, 41-ci Dünya Skaut Konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun 2017-ci ildə Azərbaycanda keçirilməsi üçün ölkəmizin namizədliyi irəli sürülüb. Tələbələr üçün Qəbələ və Lerikdə təşkil olunan arxeoloji düşərgələrdə 15 universitetdən 160 gənc iştirak edib.
Bu ildə "Gənclər paytaxtı”nın seçimi ilə bağlı tədbirin keçirildiyini diqqətə çatdıran Azad Rəhimov səsvermədə Qubanın 42,1 faiz səslə qalib gəldiyini bildirdi. Qeyd olundu ki, 2014-cü ildə ölkəmizdə Dünya Gənc Alimlərinin Beynəlxalq Forumu, "Tarixin canlı səhifələri” gənclər festivalı, ölkə gənclərinin VII forumu, gənclər siyasəti üzrə birinci Qlobal Forum və digər tədbirlər təşkil olunacaq. "Bildiyiniz kimi, ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin intellektual potensialını üzə çıxarmaq, onların mənzil şəraitlərini yaxşılaşdırmaq, gənc nəslin ölkənin ictimai-siyasi həyatında fəallığını artırmaq dövlətimizin prioritet məsələsidir. Xatırladaq ki, 2013-cü il iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Gənclər mükafatı” təsis edilib. Artıq 6 nəfər gənc həmin mükafatın laureatı olub. Gənclərimizin intellektual səviyyəsinin yüksəldilməsi məqsədi ilə "Mən Azərbaycanlıyam”, "Vətən sağ olsun”, "Savaş”, MAG, "Xəmsə”, "Böyük səhnə” və "Fort Boyard” adlı telelayihələr həyata keçirilir. Bakıda, eləcə də Lənkəran, Göygöl, Xaçmaz rayonlarında təşkil edilən düşərgələrdə 2800 nəfərdən çox yeniyetmə və gəncin istirahəti təmin olunub. "Gəzən kitabxana” layihəsi də uğurla həyata keçirilir. Ötən il aprel ayının 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təqdim olunan bu layihə çərçivəsində ölkəmizin bir sıra rayonlarında əhaliyə xidmət göstərilib. Bu ilin may ayında Dünya Gənc Alimlərinin Beynəlxalq Forumu keçiriləcək. Artıq 73 ölkədən 350-dən artıq namizəd bu forumda iştirak üçün bizə müraciət edib. Gələn ay Azərbaycan Gənclərinin VII Forumu təşkil olunacaq. May ayının 26-27-də Heydər Əliyev Mərkəzində "Mənim Azərbaycanım” adı altında tədbirin keçirilməsi planlaşdırılır. Gənc nəslin vətənpərvərlik tərbiyəsi istiqamətində də müəyyən işlər görülüb”, - deyə Azad Rəhimov əlavə etdi.
Bu ilin ilk 3 ayında ölkəmizdə 51 respublika, 41 beynəlxalq səviyyəli turnir keçirildiyini deyən gənclər və idman naziri yığma komandalarımızın 33 təlim-məşq toplanışında iştirak etdiklərini vurğuladı. Qeyd olundu ki, son 3 ayda dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında idmançılarımız 25 qızıl, 31 gümüş, 48 bürünc medal qazanıblar. Ümumilikdə, idmançılarımız 3 ayda irimiqyaslı turnirlərdə 104 medala sahib çıxıblar.
Azad Rəhimov diqqətə çatdırdı ki, bu il də ölkəmizdə bədii gimnastika və taekvondo idman növləri üzrə Avropa çempionatları, şahmat üzrə "Naxçıvan Open-2014” beynəlxalq turniri, Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan atletika üzrə təsnifat turniri və digər yarışlar keçiriləcək: "2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə və cədvələ uyğun həyata keçirilməkdədir. Bu mötəbər tədbirdə 5 minə yaxın idmançı 20-yə yaxın idman növündə mübarizə aparacaq. Qeyd etmək istərdim ki, buyaxınlarda cənab Prezident İlham Əliyevin iştirakı ilə Milli Gimnastika Arenasının açılışı olub. Hazırda Avropa Oyunlarının keçiriləcəyi Su İdman Sarayı, 65 minlik tamaşaçı tutumu olan Bakı Olimpiya stadionu və Avropa Oyunları Parkında tikinti işləri davam edir. Qeyd edim ki, mötəbər turnir zamanı kamandan oxatma idman növü üzrə yarışların keçirilməsi üçün Tofiq Bəhramov adına Respublika stadionunda müvəqqəti qurğuların yaradılması nəzərdə tutulub. I Avropa Oyunlarında boks, qılıncoynatma, karate, taekvondo və voleybol yarışlarının keçirilməsi üçün "Kristall zal”da müvəqqəti qurğuların yaradılması üçün hazırlıq işləri aparılır. Eyni zamanda, respublikamızın paxtaxtında və bir sıra bölgələrdə olan idman qurğularında təmir-tikinti işləri davam etdirilir”.
Tikintisi aparılan Olimpiya İdman Kompleksləri barəsində məlumat verən Azad Rəhimov bildirdi ki, Abşeron, Ağcabədi, Yardımlı, Nefçala, Goranboy, Tərtər rayonlarında belə idman qurğuları da yaxın gələcəkdə istifadəyə veriləcək. "Hazırda Yevlax Olimpiya İdman Kompleksinin layihələndirmə işləri aparılır. Bundan başqa, Qala qəsəbəsinin sakinləri üçün idman kompleksinin inşası həyata keçirilir”, - deyə o qeyd etdi.
Mətbuat konfransında məlumat verildi ki, bu ilin yanvar-mart aylarında müxtəlif idman növləri üzrə 34 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. 18 nəfər "Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi”, 24 nəfər əməkdar məşqçi, 15 nəfər respublika dərəcəli hakim, 4 nəfə isə əməkdar idman ustası fəxri adına layiq görülüb. Azad Rəhimov bu il idman sahəsində Tunis, Rusiya, Argentina, Vyetnam, Malayziya və digər ölkələrlə bağlanmış saziş layihələrinin hökumətə təqdim olunduğunu bildirdi.
Azərbaycan ağırlıqqaldıranlarının dopinq qalmaqalı ilə bağlı məsələsinə aydınlıq gətirən Azad Rəhimov qeyd etdi ki, bununla əlaqədar araşdırmalar aparılır: "18 ağırlıqqaldıranımızın dopinqdə "ilişməsi” əlbəttə ki, böyük narahatlıq yaradır. Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi problemin həlli istiqamətində araşdırmalarını davam etdirir. Bizim idmançılarımızdan ötən ilin aprel, iyun və sentyabr aylarında götürülən dopinq analizlərinin cavabı 1 ildən sonra WADA-nın rəsmi saytında yerləşdirilib. Halbuki bu müddət ərzində ağırlıqqaldıranlarımız bir sıra yarışlara dəvət olunublar. MOK və GİN bu məsələyə aydınlıq gətirilməsi üçün Beynəlxalq Ağır Atletika Federasiyasına və WADA-ya məktub ünvanlayıb. Dopinq qalmaqalı ilə bağlı yerli federasiyada 8 nəfər işdən azad olunub”.
Sonra gənclər və idman naziri jurnalistlərin suallarını cavablandırdı.