FİSU-nun baş katibi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub

FİSU-nun baş katibi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub

Aprelin 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Universitet İdmanı Federasiyasının (FİSU) baş katibi Erik Saintrond ilə görüş keçrilib.
Olimpnews.az xəbər verir ki, görüşdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev rəhbərlik etdiyi qurum və onun nəzdindəki Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib. Ölkəmizdə son illər idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açan Səttar Mehbalıyev AHİTA-nın nəzdindəki klubları təmsil edən idmançıların qazandıqları nailiyyətlərdən danışıb.

AHİK-in sədri Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərdiyini, bu günədək respublikamızın bir çox böləgələrində müxtəlif Olimpiya idman kompleksinin tikilərək idmançıların istifadəsinə verildiyini və bu cür obyektlərin tikintisinin davam etdirildiyini vurğulayıb.
S.Mehbalıyev Azərbaycanda tələbə idmanının inkişafı ilə məşğul olan "Gənclik” Tələbə İdman Cəmiyyətinin 1999-cu ildən FİSU-nun tamhüquqlu üzvü seçildiyini diqqətə çatıdırıb.
FİSU-nun baş katibi Erik Saintrond təmsil etdiyi qurumun 1949-cu ildən fəaliyyət göstərsə də, tarixinin 1923-cü ilin may ayında Parisdə fransız Jean Petitjean tərəfindən əsası qoyulan ilk Dünya Tələbə Oyunlarından başladığını qeyd edib. FİSU-nun ali orqanı dünyanın demək olar ki bütün ölkələrindən 167 Milli Universitet İdman federasiyalarını (cəmiyyətlərini) özündə birləşdirən Baş Assambleyadır. Hər iki ildən bir çağırılan Baş Assambleya federasiyanın icraedici orqanı olan və dörd illik müddətdə İcraiyyə Komitəsini seçir. İcraiyyə Komitəsi 27 nümayəndədən ibarətdir.
Qeyd olunub ki, qurum hər iki ildən bir ümumdünya universiadası keçirir. Universiadalar miqyasına görə Olimpiya oyunlarından sonra dünyada keçirilən ən kütləvi idman tədbiridir. Universiadalar arasındakı müddətdə isə FİSU tərəfindən tələbələr arasında müxtəlif idman növləri üzrə dünya çempionatları təşkil edilir.
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresində iştirak etmək üçün ölkəmizdə səfərdə olduğunu söyləyən Erik Saintrond Azərbaycanda idmanın və idmançıların inkişafı üçün yaradılan şəaitdən məmnunluğunu ifadə edib.
Qonaq xüsusi vurğulayıb kii, birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi Azərbaycan üçün böyük uğurdur. Çünki Bakıda mövcud idman infrastrukturu və inşa olunan komplekslər dünya standartlarına tam cavab verir.