Azərbaycan Qolf Federasiyasında konfrans təşkil olunub

Azərbaycan Qolf Federasiyasında konfrans təşkil olunub



Mayın 3-də Azərbaycan Qolf Federasiyasında Gənc Diplomatlar Birliyinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş, "Azərbaycanın beynəlxalq idman siyasəti -Problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova iyunun 6-dan 8-dək Qubada Milli Qolf Klubunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirin keçiriləcəyini bildirib. İyulun 30-dan avqustun 3-dək isə yenə də Qubada "European Tour” çərçivəsində daha bir yarış - "Challenge Tour” keçiriləcək. Bu barədə baş katib bunları deyib: "Qolf Azərbaycanda idmanın yeni və çox perspektivli növüdür. Qolf Federasiyası 2012-ci ildə yaradılıb, 2013-cü ildə isə Qolf Akademiyası açılıb. Məqsədimiz uşaq və gənclər arasında qolfa marağı gücləndirməkdir. SNAG proqramı çərçivəsində 1000-dək məktəbli qolfla məşğul olur. Yaxın vaxtlarda Azərbaycanın digər şəhərlərində də qolf meydançalarının tikilməsi planlaşdırılır”.
Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov isə çıxışında qeyd edib ki, uzun illərdir Azərbaycan və Qırğızıstanı möhkəm dostluq münasibətləri birləşdirir. "Müstəqillik, beynəlxalq arenada uğur, Azərbaycanın iqtisadi, siyasi və mədəni inkişafı ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzolunmazdır. Hazırda Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biridir”, - deyə səfir bildirib.
Yeni Azərbaycan Partiyası Siyasi Bürosunun üzvü Aydın Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev ölkədə idmanın inkişafına böyük diqqət göstərir. A.Hüseynov deyib: "Azərbaycan bir çox beynəlxalq qurumların, o cümlədən idman təşkilatlarının üzvüdür. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Ölkəmizdə beynəlxalq yarış və turnirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. 2015-ci ilin iyununda Bakıda tarixdə ilk dəfə Avropa Oyunları keçiriləcək. Ölkəmiz gündən-günə sürətlə inkişaf edir və dəyişir”