Yeni sağlamlıq meydançasının təqdimatı oldu

Yeni sağlamlıq meydançasının təqdimatı oldu



Dənizkənarı Milli Parkda Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü, "Baltika-Bakı” şirkətinin dəstəyi ilə yeni sağlamlıq meydançasının təqdimatı keçirildi.
Bakı sakinləri üçün açıq havada təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin (MPK), "Baltika-Bakı” şirkətinin, Dənizkənarı Milli Park İdarəsinin nümayəndələri, tanınmış idmançılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Açılış mərasimində çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yeni sağlamlıq meydançasının gəncələrin idmana marağının artmasında böyük rol oynayacağının bildirdi: "Hazırda Azərbaycan dünyanın aparıcı idman ölkələrindən birinə çevrilib. Ölkədə beynəlxalq səviyyəli müxtəlif idman yarışları keçirilir. Dənizkənarı Milli Park ərazisində, insanların sıx olduğu bir yerdə yeni idman sağlamlıq mərkəzi istifadəyə verilir. Ümumi sahəsi 550 kvadratmetr olan sağlamlıq meydançasının ərazisində 15 trenajor yerləşdirilib. Bu trenajorlar Bakının bütün sakinləri üçün nəzərdə tutulub. Dənizkənarı bulvarda yaradılmış sağlamlıq meydançası MOK-un paytaxt sakinlərinə bir hədiyyəsidir. İdmanla məşğul olmaq istəyən hər bir insan burada məşq edə bilər. Bizim yeganə məqsədimiz ondan ibarətdir ki, insanlar idman vasitəsilə öz sağlamlıqlarını qorusunlar və pis vərdişlərdən uzaq olsunlar.

Müxtəlif idman qurğularından ibarət olan sağlamlıq meydançasının salınması idmanın kütləviliyini artırmaq üçün bir təbliğat vasitəsidir. Sağlamlıq meydançasının qurulması həmçinin onu göstərir ki, ölkəmizin müxtəlif şəhərlərində və parklarında bu cür qurğuları yaratmaq mümkündür. Meydançanın universal olması onun üstünlüklərindən biridir. Ondan istər 12 yaşından böyük olan uşaqlar, istər yaşlılar, istər peşəkar idmançılar, istərsə də idmanla yeni məşğul olanlar istifadə edə bilərlər. Biz sağlamlıq meydançasını inşa edərkən fiziki imkanları məhdud olan şəxsləri də diqqətdən kənar qoymamışıq. Onlar üçün meydançada 2 xüsusi trenajor quraşdırılıb. Əlil arabasından istifadə edən vətəndaşlar isə xüsusi girişdən keçib, meydançaya gələ bilərlər”. Tədbirdə çıxış edən "Baltika-Bakı” şirkətinin baş direktoru Sergey Tolmaçov rəhbərlik etdiyi şirkətin sosial məsuliyyətli qurum kimi fəaliyyət göstərdiyi regionlarda xeyriyyəçiliklə məşğul olduğunu bildirdi. "Biz bir sıra layihələrə sponsor yardımı göstərir, o cümlədən idmanın inkişafına kömək edirik. İstərdik ki, yeni idman meydançası Bakı sakinlərinin sağlamlıqları üçün faydalı vaxt keçirə biləcəkləri məkana çevrilsin. İdman sağlamlıqdır. Hər kəs bu qurğudan təmənnasız şəkildə istifadə edə bilər”, - deyə o əlavə etdi.

Dənizkənarı Milli Park İdarəsi rəisinin müavini Nazim Məcidov da layihə ilə bağlı fikirlərini söylədi. "Dənizkənarı Milli Parkda gənclərin idmanla məşğul olması üçün yeni sağlamlıq meydançası quruldu. Biz çoxdan planlaşdırırdıq ki, bulvar ərazisində idman qurğularından ibarət meydança salınsın. Təbii ki, bu, ən çox idmançıların istək və arzusu idi. Bu layihənin ərsəyə gəlməsinə görə Milli Olimpiya Komitəsinin və "Baltika-Bakı” şirkətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Şəhər sakinlərini bu gözəl idman meydançasının açılışı münasibətilə təbrik edirəm. Dənizkənarı Milli Park hər iki istiqamətə doğru genişlənir. Hazırda bulvarın uzunluğu 5 kilometrə qədərdirsə, gələcəkdə bu ərazi 15 kilometrə qədər uzadılacaq. İnanıram ki, bulvarın yeni hissələrində də belə gözəl, səmərəli idman meydançaları qurulacaq”.
Tədbirdə çıxış edən Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov sağlamlıq meydançasının insanlar üçün əhəmiyyətindən danışdı. "Bu qurğunun yaradılmasına görə Milli Olimpiya Komitəsinin, "Baltika-Bakı” şirkətinin və Dənizkənarı Milli Park İdarəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Burada paralimpiyaçılar üçün qurğuların da yaradıldığını görəndə çox sevindim. Bu sağlamlıq meydançasında nəinki sağlam insanlar, hətta fiziki imkanları məhdud olan şəxslər də məşq edə bilərlər. Milli Paralimpiya Komitəsinin rəhbərliyi adından bu işdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə o əlavə etdi.
Sonra sağlamlıq idman meydançasının ərsəyə gəlməsində əməyi olan Milli Olimpiya Komitəsinin, "Baltika-Bakı” şirkətinin və "Dənizkənarı Milli Park İdarəsinin rəhbərliyinə hədiyyələr təqdim olundu.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə rəmzi qırmızı lenti kəsdikdən sonra sağlamlıq meydançası ilə tanışlıq oldu.