Beynəlxalq Kiber İdman Federasiyasının rəsmiləri Şəkidə olublar

Beynəlxalq Kiber İdman Federasiyasının rəsmiləri Şəkidə olublar

Azərbaycanda səfərdə olan Beynəlxalq Kiber İdman Federasiyasının baş katibi Von Suk Ohun başçılıq etdiyi nümayəndə heyəti mayın 2-də Şəkidə olub.
Koreya Respublikasından gələn qonaqları bu səfərdə Azərbaycan Kiber İdman Federasiyasının rəsmiləri müşayiət ediblər. Şəhər icra hakimiyyətində keçirilən görüşdə qonaqlara Şəkinin qədim tarixi, iqtisadiyyatı, mədəniyyəti, tarixi-memarlıq abidələri və turizm potensialı barədə geniş məlumat verilib.
Ölkəmizə səfərlərinin məqsədi barədə məlumat verən Beynəlxalq Kiber İdman Federasiyasının baş katibi Von Suk Oh 2014-cü ilin noyabrında Azərbaycanda kompyuter oyunları üzrə VI dünya çempionatının keçirilməsinin nəzərdə tutulduğunu, bu səfərin çempionata hazırlıq işlərinin gedişi ilə yerində tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edilib. Səfər çərçivəsində koreyalı qonaqlar şəhərin görməli yerlərini gəzib, tarixi-memarlıq abidələri ilə tanış olublar.