“Şahinlər” qələbə uğrunda mübarizə aparıblar

“Şahinlər” qələbə uğrunda mübarizə aparıblar

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən yarışda paytaxtın 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayonlarının ümumtəhsil məktəblərinin komandaları da mübarizə aparıblar. BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov və başqaları çıxış edərək "Şahinlər” hərbi-idman oyununun əhəmiyyətindən danışıblar. Natiqlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyini qeyd ediblər. Diqqətə çatdırılıb ki, dövlətimizin qayğısı nəticəsində ölkəmizdə istedadlı, çalışqan, vətənsevər, bacarıqlı gənclər yetişir. Sonra komandalar təntənəli marşla tribuna önündən keçiblər. Müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdirən "şahinlər”in yarışında Nərimanov rayonu I, Nizami rayonu II, Yasamal rayonu III yerə çıxıb. İlk üç yeri tutan komandalar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.