Mayın 3-4-də Bakıda idman dırmanması üzrə Dünya kuboku keçirildi. Dövlət Bayrağı Meydanı yaxınlığında təşkil olunan yarışda Azərbaycanla yanaşı, 22 ölkənin atleti birincilik uğrunda qüvvəsini sınadı. 150-yə yaxın idmançının mübarizə apardığı Dünya kubokunda ölkəmizi 10 idmançı (6 kişi, 4 qadın) təmsil etdi.
Mayın 3-də keçirilən yarışın təntənəli açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseyn Bağırov, Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) nümayəndəsi Qremi Alderson və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər. Əvvəlcə yarış iştirakçıları meydana daxil oldular.
Sonra, gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizin dünyada idman ölkəsi kimi tanındığını və paytaxtımızın müxtəlif idman növləri üzrə mötəbər yralışlara yüksək səviyyədə ev sahibliyi etdiyini dedi: "Azərbaycanda hər bir idman növü üzrə mötəbər yarışlar keçirilir. Bu yarışlarda dünyanın müxtəlif ölkələrindən çoxlu sayda atletlər iştirak edirlər. Qürur hissi ilə deyə bilərik ki, paytaxtımız Bakı şəhəri dünyanın idman mərkəzinə çevrilib. 2015-ci ildə ölkəmizdə I Avropa Oyunları keçiriləcək. Azərbaycanda bu oyunlara hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. 2015-ci ildə ölkəmizdə həmçinin şahmat üzrə Dünya kuboku da təşkil olunacaq. 2016-cı ildə paytaxtımız şahmat olimpiadasına ev sahibliyi edəcək. 2017-ci ildə isə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Əlbəttə ki, bu cür mötəbər yarışların təşkili Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında daha da böyük rol oynayacaq. Bu gün tam əminliklə demək olar ki, ölkəmizdə idman yüksələn xətlə inkişaf edir. İdmançılarımız iştirak etdikləri turnirlərdə uğurlu çıxışları ilə bayrağımızı yüksəklərə qaldırır, medallarımızın sayını artırırlar. Əldə olunan bu nailiyyətlər, sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”, - deyə Azad Rəhimov bildirdi.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın möhtəşəm idman yarışlarının təşkilində dünyanın nümunəvi ölkələrindən biri olduğunu qeyd etdi. "Bildiyiniz kimi, ikinci dəfədir ki, idman dırmanması üzrə Dünya kuboku Azərbaycanda təşkil olunur. Ötən il Beynəlxalq İdman Dırmanması Federasiyası bu tədbirin ölkəmizdə keçirilməsinə tərəddüd edirdi. Lakin ölkəmizin ilk Dünya kubokuna uğurla ev sahibliyi etməsi yarışın ikinci dəfə paytaxtımızda təşkil olunmasına şərait yaratdı. Yarışın yüksək səviyyədə təşkil olunduğunu görən beynəlxalq federasiya 2014-cü ildə də Dünya kubokunun Azərbaycanda keçirilməsi təşəbbüsünü irəli sürdü. Əlbəttə, sevindirici haldır ki, beynəlxalq federasiya tərəfindən ölkəmizə yüksək səviyyəli etimad göstərilir. Qeyd edim ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası yarandığı dövrdən qısa zaman ərzində böyük uğurlara imza atıb. Əvəllər idman dırmanması Azərbaycanda çox zəif idi. Az vaxt ərzində bu idman növü üzrə idmançılarımız yetişdi və onlar müxtəlif beynəlxalq səviyyəli yarışlarda iştirak etməyə başladılar. Ölkəmizdə bu idman növünün inkişafı üçün struktur yaradılır, bazalar inşa olunur. İnanıram ki, gələcəkdə təmsilçilərimiz bu cür mötəbər yarışlarda mükafatçılar sırasında yer alacaqlar. Dünya kubokunun yeniyetmə və gənclərin daha sıx toplaşdığı Dənizkənarı Milli Parkda, Dövlət Bayrağı Meydanında təşkil olunması insanların yarışlara sərbəst tamaşa edə bilməsi üçün şərait yaradır. Yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıram. İnanıram ki, layiqli idmançı qələbə qazanacaq”, - deyə o əlavə etdi.
Tədbirdə çıxış edən Beynəlxalq İdman Dırmanması Federasiyasının nümayəndəsi Qremi Alderson Dünya kubokunun yüksək səviyyədə təşkil olunduğunu bildirdi. Ölkəmizdə idman dırmanması üzrə Dünya kubokunun ikinci dəfə keçirildiyini deyən Qremi Alderson beynəlxalq federasiyanın Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının bu sahənin inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirdiyini diqqətə çatdırdı.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra tədbir Azərbaycan milli rəqs qruplarının maraqlı çıxışları ilə davam etdirildi.
İki gün davam edən yarışda idmançılar iki növ - boulderinq (qısa məsafəyə çətin marşrut) və sürət növləri üzrə qüvvələrini sınadılar.
Kişilər arasında keçirilən boulderinq üzrə yarışlarda rusiyalı idmançı Dmitri Şarafutdinov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Almaniya təmsilçisi Yan Hoyer ikinci, rusiyalı Rustam Gelmanov isə üçüncü yeri tutdu. Bu növ üzrə qadınların yarışında avstriyalı Anna Ştohr yüksək səviyyəli çıxış nümayiş etdirərək bütün rəqiblərindən üstün oldu. Yaponiyalı idmançı Ayiko Noquçi ikinci, böyük britaniyalı Şauna Coksey isə üçüncü yerə çıxdı.
Sürət növü üzrə yarışlarda ukraynalı Danilo Boldırev turnirin qalibi adını qazandı. Rusiya idmançısı Yevgeni Vaytsexovski ikinci, Çin təmsilçisi Qixinq Zonq üçüncü oldu. Sürət üzrə qadınların mübarizəsində Rusiya təmsilçiləri ilk iki yerin sahibi oldular. Mariya Krasavina (Rusiya) bütün rəqiblərini qabaqlayaraq birinci yerə çıxdı. Onun komanda yoldaşı, ötən il ölkəmizdə keçirilən Dünya kubokunun qalibi və dünya rekordunun sahibi (8.05) Yuliya Kaplina bu dəfə gümüş medalla kifayətləndi. Fransa təmsilçisi Anouk Jaubert üçüncü yeri tutdu.
Yarışlar başa çatdıqdan sonra yerli mütəxəssislər və qalib idmançıların yarışla bağlı fikirlərini öyrəndik.
"Dünya kubokunun ikinci dəfə Bakıda təşkil olunması ölkəmizə göstərilən etimaddan irəli gəlir”
Sarvan Rəsulov (Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti):
- Məlum olduğu kimi, Azərbaycanda ikinci dəfədir ki, idman dırmanması üzrə Dünya kubokuna ev sahibliyi edir. Ötən il iyunun 22-23-də təşkil olunan yarışa ölkəmiz yüksək səviyyədə ev sahibliyi etmişdi. Dünya kubokunun ikinci dəfə Bakıda təşkil olunması ölkəmizə göstərilən etimaddan irəli gəlir. Budəfəki Dünya kubokunun təşkilini yüksək qiymətləndirirəm. İdman dırmanması ölkəmizdə yaranan ən yeni idman növlərindən biridir. Bu növ üzrə idmançılarımızın təcrübəsi kifayət qədər deyil. Təmsilçilərimizin bu cür yarışlarda iştirakı onlar üçün böyük təcrübə olacaq. Onu da deyim ki, ötən il biz yarışları beynəlxalq dərəcəli hakimlərin iştirakı ilə keçirmişdiksə, builki, Dünya kubokunda yerli idmançılardan təşkil olunmuş hakimlər ədaləti qorudular. Bu mötəbər yarışdan əvvəl Türkiyədən dəvət olunmuş yüksək ixtisaslı hakimlərin rəhbərliyi altında keçirilən seminarda yerli hakimlərimizə beynəlxalq yarışlarda hakimlik etmək hüququ verən sertifikatlar təqdim olundu. Bu bizim üçün qürurverici haldır. Azərbaycan nəyinki, belə mötəbər yarışlara ev sahibliyi edir, hətta ölkəmizdə bu yarışları idarə edən beynəlxalq dərəcəli mütəxəssislər, ədalət təmsilçiləri yetişir. İnanıram ki, idmançılarımız da gələcəkdə uğurlu nəticələri ilə bizi sevindirəcəklər.
"Dəqiqlik və çevikliyim sayəsində
qalib gəlməyi bacardım”
Dmitri Şarafutdinov (kişilər arasında boulderinq üzrə yarışların qalibi):
- Yarış çox maraqlı keçdi. Dünya kubokunun təşkilatçılıq səviyyəsindən çox razı qaldım. İdmançılar üçün burada hər cür şərait yaradılıb. Düzdür, havanın bir qədər küləkli olması idmançıların çıxışlarına öz təsirini göstərirdi. Sevinirəm ki, dəqiqlik və çevikliyim sayəsində qalib gəlməyi bacardım. Bu yarışa çox ciddi hazırlaşmışdım. Mükafatçılar sırasında yer alacağıma inanırdım.
"Çempion olmaq üçün qəlbində məşğul olduğun növə sevgi bəsləməlisən”
Anna Ştohr (qadınlar arasında boulderinq üzrə yarışların qalibi):
- Qalib olduğum üçün çox sevinirəm. Amma mənə elə gəlir ki, final mərhələsi çox asan oldu. Hər kəs öz bacarığını yüksək səviyyədə nümayiş etdirdi. Bu, Bakıya ilk səfərimdir. Bura doğma ölkəm Avstriyadan çox fərqlənir. Azərbaycan yeməkləri olduqca xoşuma gəldi. Burada insanlar çox səmimidirlər. Komandamızın üzvləri də pis çıxış etmədilər. Qalib olmağıma gəlincə, məncə, çempion olmaq üçün qəlbində məşğul olduğun növə sevgi bəsləməlisən. Mənim üçün də idman dırmanması həm peşəkar idman, həm də vaxtımı səmərəli və əyləncəli keçirmək vasitəsidir.
"Azərbaycan idman dırmanması üzrə dünya çempionatı, hətta yay Olimpiya oyunlarını
keçirməyə qadirdir”
Danylo Boldyrev (kişilər arasında sürət üzrə yarışların qalibi):
- Yarışla bağlı təəssüratlarım müsbətdir. Ötən il də sürət üzrə yarışlarda iştirak etmişdim, amma 6-cı yeri tutmuşdum. Keçənilki yarışda olduğu kimi, budəfəki yarışda da təşkilatçılıq yüksək səviyyədə idi. Məncə, Azərbaycan idman dırmanması üzrə dünya çempionatı, hətta Olimpiya oyunlarını keçirməyə qadirdir. Yarışa çıxanda hər bir rəqibimi güclü rəqib kimi qiymətləndirirəm. Bu yarışa uzun müddət hazırlaşmışdım. Yarışlarda rəqabət günü-gündən artır. Bu mənim 2014-cü ildə ilk çempionluğumdur. Bundan əvvəl Çində ikinci olmuşam. Gənclər arasında dünya çempionu adını qazanmışam. Dünya kubokunun dəfələrlə mükafatçısı olmuşam.
"Bu, mənim Dünya kuboku yarışlarında
ikinci qızıl medalımdı”
Mariya Krasavina (qadınlar arasında sürət üzrə yarışların qalibi):
Bu, mənim Dünya kuboku yarışlarında ikinci qızıl medalımdı. Finalda komanda yoldaşım Yuliyaya qalib gəldim. Çempion olduğum üçün çox sevinirəm. Buna qədər Dünya kubokunda 13 medal qazanmışam. Əsas məqsədim qarşıdakı yarışlarda da ümidləri doğrultmaqdır.
Azər Əlizadə