Güləşçilərimiz Avropa çempionatında yarışırlar

Güləşçilərimiz Avropa çempionatında yarışırlar

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.
Azərbaycan Güləş Federasiyasından daxil olan xəbərə görə, çempionatın ilk günündə 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.
Çempionatda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Əfqan Xaşalov bolqarıstanlı və macarıstanlı idmançılar üzərində qələbə qazanıb. Yarımfinalda Ermənistan təmsilçisini məğlub edən Ə.Xaşalov finala yüksəlib. Finalda Rusiya idmançısına qalib gələn güləşçimiz Avropa çempionu adını qazanıb.
Ravil Babazadə (69 kq) Gürcüstan və Belarus güləşçilərini məğlub etsə də, yarımfinalda latviyalı rəqibinə uduzub. Güləşçimiz bürünc medal uğrunda Makedoniya idmançısından üstün olub.
Qitə birinciliyində 85 kiloqram çəki dərəcəsində yığmamızın üzvü Şamil Sadullayev də finaladək maneəsiz irəliləyib. Final yolunda o, ardıcıl olaraq Belarus, Almaniya və Rusiya güləşçilər ilə mübarizədən qalib ayrılıb. Finalda güləşçimizin rəqibi Macarıstan təmsilçisi olmuş və Ş.Sadullayev xalçadan qalib ayrılıb.
Çempionatın ikinci günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulub. Xatırladaq ki, bu çəki dərəcələri Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına lisenziya qazandırır. Güləşçilərimiz 5 mümkün lisenziyadan 3-nü qazana bilib. 46, 63 və 100 kq-da lisenziya qazanan sərbəst güləşçilərimiz Nanjinqdə 2 çəki dərəcəsində təmsil olunacaq.
46 kq-da mübarizə aparan Elvin Namazov ardıcıl olaraq Makedoniya, Macarıstan və Türkiyədən olan rəqiblərini üstələyib və finala vəsiqə qazanaraq Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Finalda güləşçimizin rəqibi Rusiya təmsilçisi olacaq.

54 kq çəkidə Mahir Əmiraslanov mübarizəyə Türkiyə təmsilçisi üzərində qələbə ilə başlasa da, Rusiya güləşçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşə qatılıb. Fransa güləşisini məğlub edən Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxacaq. Həlledici görüşdə onun rəqibi Ukrayna təmsilçisi olacaq.

63 kq-da mübarizə aparan Teymur Məmmədov ardıcıl olaraq İtaliya, Ermənistan, Polşa və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Güləşçimiz Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Çempionluğun bir addımlığında onun son rəqibi Rusiya təmsilçisi olacaq.

76 kq çəki dərəcəsində Hacımurad Məhəmmədsəidov Rumıniya və Yunanıstandan olan rəqiblərini tam üstünlüklə məğlub etsə də, yarımfinalda gürcü rəqibi ilə gərgin keçən görüşdən məğlub ayrılıb. Bürünc medal şansını saxlayan güləşçimiz həlledici görüşə çıxacaq.

100 kq-da yığmamızın üzvü İqbal Hacızadə də Nanjinqdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanıb. Türkiyə, Litva və Polşa güləşçiləri üzərində qələbə güləşçimizi finala yüksəldib. Finalda onun rəqibi Moldova güləşçisi olacaq.