Azərbaycan idmançıları Yeniyetmələrin Olimpiya Oyunlarına daha 3 lisenziya qazandılar

Azərbaycan idmançıları Yeniyetmələrin Olimpiya Oyunlarına daha 3 lisenziya qazandılar

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatının ikinci gününün qalibləri müəyyənləşib.
Çempionatın ikinci günündə 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar. Bu çəki dərəcələri Nankində keçiriləcək yeniyetmələrin ikinci yay Olimpiya oyunlarına lisenziya xarakteri daşıyıb. Azərbaycan pəhləvanları 5 mümkün lisenziyadan 3-nü qazanıblar. Turnirdə 46, 63 və 100 kiloqramda lisenziya qazanan sərbəst güləşçilərimiz Nankində 2 çəki dərəcəsində çıxış edəcəklər.

Azərbaycan güləşçiləri çempionatın ikinci gününü 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
Çempionatda 46 kiloqram çəki dərəcəsində mübarizə aparmış Elvin Namazov ardıcıl olaraq Makedoniya, Macarıstan və Türkiyədən olan rəqiblərini qabaqlayıb və finala vəsiqə qazanaraq özü üçün Olimpiya oyunlarına lisenziyanı təmin edib. Finalda güləşçimiz Rusiya təmsilçisi ilə gərgin keçən görüşdə məğlub olaraq gümüş medalla kifayətlənib.
Teymur Məmmədov (63 kq) ardıcıl olaraq İtaliya, Ermənistan, Polşa və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdıraraq, finala vəsiqə əldə edib. Güləşçimiz özləri üçün Olimpiya oyunlarına lisenziyanı təmin edib. Çempionluğun bir addımlığında onun rəqibi Rusiya təmsilçisi olub. Rəqibinə heç bir şans verməyən güləşçimiz tam üstünlüklə qələbə qazanıb və çempionatın qızıl medalına sahib olub.

Hacımurad Məhəmmədsəidov (76kq) Rumıniya və Yunanıstandan olan rəqiblərini tam üstünlüklə məğlub etsə də, yarımfinalda gürcüstanlı rəqibi ilə gərgin keçən görüşdən məğlub ayrılıb. Ancaq bürünc medal uğrunda həlledici görüşdə almaniyalı rəqibindən üstün olan güləşçimiz fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Çempionatda 100 kiloqram çəki dərəcəsində mübarizə aparan İqbal Hacızadə də Nankində təşkil olunacaq Olimpiya oyunlarına lisenziya qazanıb. Türkiyə, Litva və Polşadan olan güləşçilər üzərində qələbə idmançımızı finala yüksəlib. Finalda moldovalı rəqibini də məğlub edən İqbal Hacızadə Avropa çempionatının qızıl medalını qazanıb.
Beləliklə, çempionatda sərbəst güləş yarışlarına yekun vurulub. Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvləri ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 75 xalla ikinci olublar. Birinci pillədə 88 xalla Rusiya yığması qərarlaşıb.
Çempionatın ilk günü Əfqan Xaşalov (50 kq), Şamil Sadullayev (85 kq) qızıl, Ravil Babazadə (69 kq) isə bürünc medala sahib olub.
Avropa çempionatına mayın 11-də yekun vurulacaq.