İki atla iki çempionluq

İki atla iki çempionluq

Mayın 10-da Binədəki "Elite Horse and Polo Club”un açıq manejində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnirə yekun vurulub.
Turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançıları iştirak ediblər. Yarışda, ümumilikdə, 25-ə yaxın idmançı 65 atla mübarizə aparıb.

Yarışın açılış mərasimində Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev iştirak edirdi. Federasiya prezidenti çıxış edərək, ölkəmizdə idmanın sürətlə inkişafından, bu sahədə görülən əməli işlərdən söz açdı. O, vurğuladı ki, Azərbaycanda atçılıq idman növü qısa zaman ərzində böyük uğurlar qazanıb, çaparlarımız, xüsusilə Camal Rəhimov Fransada keçirilən yarışda böyük nəticə göstərib. Qeyd edildi ki, atçılıq idman növünə ölkəmizdə böyük maraq var və bir sıra mötəbər yarışların əsas mərhələləri Azərbaycanda təşkil olunur.
Çıxış başa çatadıqdan sonra yarışlara start verildi.
Birinci yarışda Azərbaycan idmançısı Andre Şröder "Cassandra MNM” ləqəbli atla qalib adını qazandı. İranlı Məziyar Şəmsidxani "Elite Van Het” ləqəbli atla ikinci, Türkiyə təmsilçisi Ömər Şimşek "Clima” ləqəbli atla üçüncü oldular.
İkinci yarışda da Andre Şröder bütün rəqiblərini qabaqladı. İdmançımız "Tall Boy MNM” ləqəbli atla çempion adına layiq görüldü. Çaparımız Camal Rəhimov "Woodie” ləqəbli atla ikinci yeri tutdu. İran təmsilçisi Cəmşid Xani "Elite Van Het” ləqəbli atla üçüncü pillədə qərarlaşdı.
Qeyd edək ki, turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunmuş hakimlər kollegiyası nəzarət edirdi.