Yola saldığımız həftənin şənbə və bazar günləri 15 və 17 yaşınadək oğlanlardan, eləcə də qadın otüstü hokkeyçilərdən ibarət komandalar ölkə çempionatında və birinciliklərində növbəti turların oyunlarını keçiriblər. Şənbə günü A və B qruplarına daxil olan 15 yaşınadək oğlan otüstü hokkeyçilər mübarizə aparıblar.A qrupunda yarışan "Akkord” (Sumqayıt) Şəmkir hokkeyçilərini 4:2 hesabı ilə məğlubiyyətə uğradıb. "Gəncə” və "Təhsil” (Bakı) komandalarının oyununda hesab açılmayıb. IV turun oyunlarından sonra "Akkord” 12 xalla yarış cədvəlinə başçılıq edir. Şəmkir hokkeyçiləri 6 xalla II yeri tuturlar. Aktivində 4 xalı olan Gəncə təmsilçiləri III pillədədirlər. Sonuncu yerdə qərarlaşan "Təhsil” komandası isə keçirdiyi 4 oyundan cəmi 1 xal toplaya bilib.
B qrupunda çıxış edən Qusarın "Şahdağ” komandası "Olimp” (Masallı) ilə oyunda 2:0 hesabı ilə qələbə qazanıb. "Göytəpə” (Cəlilabad) - "Atasport-Binə” matçı 2:1 hesabı ilə Binə hokkeyçilərinin xeyrinə qurtarıb.
Bu qrupda Qusar hokkeyçiləri 12 xalla vahid liderdirlər. "Atasport-Binə” 9 xalla II yerdədir. 3 xalı olan "Göytəpə” isə III pillədədir.”Olimp” komandası keçirdiyi 4 oyunda hələlik xal toplaya bilməyib.
Bazar günü əvvəlcə qadın otüstü hokkeyçilər mübarizə aparıblar. "Atasport-2” və "Bakı” komandalarının görüşündə qapılara qol vurulmayıb. V tur çərçivəsində "Samur” (Qusar) və "Sumqayıt” komandalarının oyununda şimal bölgəsinin təmsilçiləri 10:1 hesabı ilə qələbə qazanıblar. Rəqib komandanın qapısına topların 5-ni Günay İsmayılova vurub. Günay Hacıyeva və Kəmalə Qazıxanova hərəyə 2 dəfə fərqləniblər. 10-cu topu isə sumqayıtlıların qapısından Nəzrin Şahpələngova keçirib.
Bazar günü keçirilən oyunlardan sonra "Atasport-2” 13 xalla vahid liderdir. 5 oyundan 9 xal toplayan Qusar hokkeyçiləri 2-ci yeri tuturlar. Aktivində 6 xalı olan "Bakı” III pillədədir. Sonuncu yeri tutan sumqayıtlı qızlar 5 görüşdən 1 xal belə toplaya bilməyiblər.
Mayın 11-də 17 yaşınadək oğlan hokkeyçilər də V turun oyunlarını keçiriblər. A qrupuna daxil olan "Atasport”(Sumqayıt) və "Atasport-Binə” komandalarının qarşılaşması heç-heçə başa çatıb - 4:4. "Gəncə” - "Şəki” matçında isə gəncəlilər 5:2 hesabı ilə qalib gəliblər.
A qrupunda 5 oyundan 13 xal toplayan "Atasport” (Sumqayıt) yarış cədvəlinə başçılıq edir. "Atasport-Binə” 10 xalla II pillədədir. Gəncə hokkeyçiləri 6 xalla III yerdədirlər. Bütün oyunlarda məğlub olan "Şəki” komandası isə qrup sonuncusudur.
Masallı şəhər stadionunda yarışan 17 yaşınadək oğlanlar arasında da 1 oyun olub. B qrupuna daxil olan yerli "Olimp” və "Astara” komandalarının qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Bu qrupda "Olimp” (Masallı) 7 xalla liderdir. "Xəzər” (Lənkəran) komandası 3 görüşdən topladığı 5 xalla II yerdə qərarlaşıb. Astara hokkeyçiləri isə 4 oyundan 1 xal toplayaraq sonuncu III yeri tuturlar.
Otüstü hokkey üzrə ölkə çempionatında və birinciliklərində növbəti turların oyunları mayın 17-də və 18-də keçiriləcək.