Azərbaycan akrobatları Rusiyada beynəlxalq turnirdə müvəffəqiyyətlə çıxış ediblər

Azərbaycan akrobatları Rusiyada beynəlxalq turnirdə müvəffəqiyyətlə çıxış ediblər


Azərbaycan akrobatları Rusiyada keçirilən beynəlxalq Volkov kuboku turnirində dörd gümüş və bir bürünc medal qazanıblar.
Komandaya ilk medalı Viktoriya Pervova və Anatoli Leonov cütlüyü qazandırıb. Bir həftə əvvəl Almaniyada keçirilən Dünya kuboku turnirinin mərhələ yarışlarında dördüncü yeri tutan milli komandanın yeni üzvləri bu dəfə yalnız ev sahiblərindən geri qalaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Final çıxışında kiçik səhvə yol verən Aynur Hüseynova, Nərmin Ramazanova və Lalə Hüseynovadan ibarət qrup gümüş medalla kifayətlənməli olub.
Yuniorlar arasında kişi cütlüklərinin yarışında iştirak edən "Neftçi” klubunun nümayəndələri Elçin Əlibəyov və Emin Gülməmmədli, habelə qadın cütlüklərinin yarışında fərqlənən Bakı Gimnastika Məktəbinin yetirmələri Aygün Əhmədova və Ruhidil Qurbanlı gümüş medal qazanıblar.
Turnirin hakimlərindən biri, milli yığmamızın baş məşqçisi İradə Qurbanova deyib: "Yalnız Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət qarışıq cütlük finalda ən məsuliyyətli məqamda səhvə yol verib. Lakin bürünc mükafat da medaldır. Həmkarlarımdan çoxu Nurcanın çıxışına xüsusi diqqət yetiriblər”.
Akrobatlar hazırda iyul ayında Fransada keçiriləcək dünya çempionatına hazırlaşırlar. Elə bu gün Bolqarıstanın Borovets şəhərində aerobika üzrə Dünya kuboku turnirinin mərhələ yarışları start götürür. Aerobika milli federasiyanın bu yaxınlarda inkişaf etdirməyə başladığı gimnastika növüdür. Balkanlarda Azərbaycan aerobikasının debütü olacaq: Timur Ələkbərov, Anastasiya Koltunova, Yekaterina Kotlyarova, Anna Poleşşuk, Vera Bosıx və Vladimir Dolmatov proqrama daxil edilən dörd növdə çıxış edəcəklər.
Gimnastika məşqçisi Nigar Əbdülsəlimova hakimlər heyətində təmsil olunacaq. O, başqa bir mütəxəssisimiz Əlfiyyə Mantova ilə birlikdə bir ay əvvəl Avstriyada kurs keçmiş və hazırda dördüncü kateqoriyalı beynəlxalq hakimdir.