“Cəsurlar” və “Şahinlər” zona yarışları uğrunda yarışıblar

“Cəsurlar” və “Şahinlər” zona yarışları uğrunda yarışıblar


Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Mehdi Hüseynzadə adına stadionda "Cəsurlar” respublika hərbi-idman və turizm oyununun şəhər birinciliyinin final mərhələsi keçirilib.
Birincilikdə 1, 3, 6, 7, 11, 14, 16, 17, 33, 34 saylı tam orta məktəblərin, təbiət elmləri təmayüllü gimnaziyanın və Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyinin komandaları iştirak ediblər. 
Komandalar oyunun əsasnaməsinə müvafiq olaraq sıra hazırlığı, taxta hasarın üstündən keçməklə maneənin, körpünün (taxtanın) üstündən keçməklə xəndəyin, "zəhərli zona”nın dəf olunmacı, turist çadırının qurulması mərhələləri üzrə yarışıblar. Yarışların yekun nəticələrinə əsasən I, II, III yerlərə, müvafiq olaraq, Milli Qəhrəman M.Quliyev adına 3 saylı, 33 saylı və M.Müşfiq adına 34 saylı tam orta məktəblərin komandaları layiq görülüblər. Qalib komandalara fəxri fərmanlar və hədiyyələr təqdim edilib. Yarışın qalibi "Cəsurlar” respublika hərbi-idman və turizm oyununun martın 4-də Xaçmaz rayonunda keçiriləcək zona birinciliyində şəhəri təmsil edəcək.

*   *   *
Kürdəmirdəki mərkəzi stadionda da "Cəsurlar” hərbi-idman və turizm oyunları keçirilib. Yarışlarda rayonun 35 ümumtəhsil məktəbinin komandası iştirak edib. Yeniyetmələrin yüksək fəallığı ilə keçən yarışlarda Çöhranlı kənd tam orta məktəbinin komandası I yerə çıxıb. Şəhər 6 və 1 saylı tam orta məktəblərinin komandaları isə, müvafiq olaraq, II və III yerləri tutublar. Qalib komandalara mükafatlar təqdim olunub.

*   *   *
Sərhəd Qoşunlarının Şəki şəhərində yerləşən "N” saylı hərbi hissəsində "Şahin” hərbi-idman oyunu üzrə şəhər birinciliyi keçirilib.
Birincilikdə rayonun ümumtəhsil məktəblərini təmsil edən 14 komanda mübarizə aparıb.
Komandalar sıra hazırlığı, silahın sökülüb yığılması, hədəfə atəş açma, maneənin dəf olunması, sanitarların hazırlığı və digər yarışlarda qüvvələrini sınayıblar. Birincilikdə qalib gələn 11 saylı tam orta məktəbin komandası, eyni zamanda apreldə keçiriləcək zona yarışına da vəsiqə qazanıb. Yarışda ilk üçlükdə şəhər 18 və 10 saylı məktəblərin komandaları yer alıblar. Qalib komandalara şəhər Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri təqdim olunub.

 *   *   *
Göyçay Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Təhsil Şöbəsinin dəstəyi ilə "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib.
Yarışda rayonun 29 orta məktəbinin 7-8-ci sinif şagirdləri mübarizə aparıblar. Göyçay şəhər 3 saylı tam orta məktəbinin komandası I, Mallı-Şıxlı kənd məktəbinin komandası II və şəhər 7 saylı məktəbinin şagirdləri III yeri tutublar.
Xatırladaq ki, "Cəsurlar” hərbi-idman və turizm oyununun əsas məqsədi yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını və turizm hərəkatının inkişafını təmin etməkdən ibarətdir.