“Naxçıvan Open-2014” festivalı başa çatıb

“Naxçıvan Open-2014” festivalı başa çatıb


Mayın 12-də Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən "Naxçıvan Open-2014” Beynəlxalq şahmat festivalının sonuncu, 9-cu turunun oyunları keçirilib.
9 turdan sonra "C” qrupunda Azərbaycan təmsilçisi Kamran Rzazadə birinci, İran şahmatçısı Mani Cahedi ikinci, Naxçıvan yetirməsi Siyavuş Bağırov üçüncü olublar.
"B” qrupunda isə birinci pillədə Bakı şahmat məktəbinin yetirməsi Təbriz İdrisov yer almışdır. Bu qrupda İsmayıllı şahmatçısı Ramil Cavadov ikinci, Qax rayonundan yarışlara qatılan Pərvanə İsmayılova isə üçüncü yerlərə layiq görülüblər.
Yüksək reytinqli şahmatçıların yarışdıqları "A” qrupunda Rusiya şahmatçısı Boris Savçenko festivalın qalibi olub. Azərbaycan təmsilçisi Eltaç Səfərli ikinci, Boris Savçenkonun həmyerlisi Aleksandr Simanov isə üçüncü nəticə göstəriblər.
Festivalın qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən yarışın baş hakimi Faiq Həsənov qalibləri təbrik edib, turnirin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra festivalın qalibləri mükafatlandırılıblar. Festivalda qruplar üzrə ilk üç yeri tutan idmançılara, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənən şahmatçılara kuboklar, pul mükafatları, qiymətli hədiyyələr təqdim edilib.