“Ən böyük arzum Olimpiya çempionu olmaqdır”

“Ən böyük arzum Olimpiya çempionu olmaqdır”

Bu gün Azərbaycanda idmanın inkişafı hər bir ölkə vətəndaşı tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanır. Azərbaycan idmanının belə sürətlə inkişaf etməsi respublikamızda bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ölkəmizdə biri-birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri, idman qurğuları da idmançılarımıza göstərilən qayğıya bariz nümunədir. Təmsilçilərimiz isə yaradılan şəraitdən maksimum səviyyədə yararlanıb, müxtəlif yarışlarda ölkəmizin idman şərəfini layiqincə qorumağa çalışırlar. Hazırda paytaxt və bölgələrdə fəaliyyət göstərən komplekslərdə, klublarda, yüzlərlə, minlərlə yeniyetmə və gənc idmanın müxtəlif növləri ilə məşğul olurlar.

Boks ölkəmizdə yüksək səviyyədə inkişaf etmiş və populyar idman növlərindən biridir. Qeyd edək ki, Kəmaləddin Heydərov 2009-cu ildə Azərbaycan Boks Federasiyasının prezidenti seçiləndən sonra bu sahədə daha da böyük irəliləyişlər əldə olundu. Təsadüfi deyil ki, son illərdə keçirilən Olimpiya oyunları, dünya və Avropa çempionatları, müxtəlif beynəlxalq turnirlərdə dəri əlcək ustalarımız onlara bəslənilən ümidləri doğruldurlar. Qeyd edək ki, ötən il Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında boksçularımız uğurla çıxış edərək 2 bürünc medal qazandılar.
"Olimpiya dünyası” qəzeti vaxtaşırı "Olimpiya ümidləri” rubrikası altında yazılar dərc edir. Məhz bu yazılarda perspektivli, Olimpiya oyunlarında ölkəmizi təmsil etməyə namizəd idmançılar haqqında ətraflı məlumatlar verilir. Bir sıra mütəxəssislərin indiyədək müxtəlif idmançılarımız haqqında verdikləri proqnozlar özünü doğruldub. Kiçik yaşlarından ilk uğurları barədə yazdığımız idmançılar sonradan Olimpiya, dünya və Avropa çempionu olarkən ilk qələbə sevinclərini bizimlə bölüşüblər. "Olimpiya ümidləri” rubrikasının budəfəki qonağı buyaxınlarda gənclər arasında Bakı birinciliyində rəqibləri üzərində inamla qələbə qazanmış Çingiz İslamovdur. O, 1995-ci il oktyabrın 28-də Bakı şəhərində anadan olub, kiçik yaşlarından idmana maraq göstərib. İdmana həvəsi onda atası yaradıb. "13 yaşından boksla məşğul oluram. Atam boks üzrə Azərbaycan çempionudur. O, həmişə məni peşəkar boksçu kimi görmək istəyib, buna görə də boks bölməsinə yazdırıb. Atam məni uşaq yaşlarından məşqlərə aparıb və mənə daim qələbə ruhu aşılayıb. O, özünün idmançı kimi qazana bilmədiklərini mənim əldə etməyimi arzulayır, məni Olimpiya oyunlarının iştirakçısı kimi görmək istəyir. Mənim də ən böyük arzum Olimpiya çempionu olmaqdır. Qeyd edim ki, əvvəllər müxtəlif klublarda bu idman növünün sirlərinə yiyələnmişəm. Hazırda şəxsi məşqçim Nazim Mirhüseynovun rəhbərliyi altında boksla məşğul oluram. Nazim müəllimin mənim uğur qazanmağımda da onun rolu böyükdür. Buyaxınlarda keçirilən Bakı birinciliyində qızıl medal qazanmağımda böyük əməyi var. O, məni psixoloji cəhətdən yarışlara yüksək səviyyədə hazırlayır. İndi boks mənim üçün həyat tərzidir”, - deyə o bildirdi.
Qeyd etdiyimiz kimi, Çingiz İslamov fevralın 17-21-də Hövsanda keçirilən Bakı birinciliyində 64 kq çəki dərəcəsində çempion adını qazanıb. Belə ki, təmsilçimiz 3 rəqibi üzərində vaxtından əvvəl qələbə qazanıb. Boksçu ölkə birinciliyindəki çıxışı barədə məlumat verdi: "Bakı birinciliyində 4 döyüş keçirdim. 3 rəqibimi nokaut etdim. Digər rəqibimə isə xal hesabı ilə qalib gəldim. Bundan əvvəl "Təhsil”RİM-in birinciliyində çempion olmuşdum. Bakı birinciliyində rəqiblərim üzərində inamla qələbə qazandım. Çalışacağam ki, bundan sonrakı yarışlarda da uğurlu çıxış nümayiş etdirim”.
İdman aləmində Çingizə örnək olan idmançı əfsanəvi boksçu Məhəmməd Əlidir. O, Məhəmməd Əli kimi tanınmaq və boks aləmində böyük uğurlar qazanmaq arzusundadır. Çingizin ən böyük arzusu 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq və Olimpiya çempionu titulunu əldə etməkdir. İdmançımız hazırda aprel ayında gənclər arasında keçiriləcək Azərbaycan birinciliyinə hazırlaşır. Məşqlərdə əsas diqqət idmançının fiziki hazırlığına yönəlib. Bir müddət sonra isə o, taktiki və texniki hazırlığının gücləndirilməsi üzərində işləyəcək.
Çingiz hesab edir ki, əsl boksçu özünə inanmalı, eyni zamanda, fiziki güclə yanaşı, yüksək intellektə də sahib olmalıdır: "Qalib gəlmək üçün döyüş zamanı rəqibə ardıcıl zərbələrin endirilməsinə diqqət yetirmək lazımdır. Sözsüz ki, xal buraxmamaq döyüşün taleyini həll edən vacib məqamlardandır. Əsl boksçunun fiziki hazırlıqlı olması kifayət deyil. Yaxşı boksçu döyüş zamanı ağıllı olmalı, taktiki gedişlər etməli, rəqibin zəif cəhətlərini dərhal üzə çıxarmağı bacarmalıdır. Məncə, yalnız məşq etməklə çempion olmaq mümkün deyil. İdmançının daxilində məşğul olduğu idman növünə sevgi və istedad olmalıdır. Klubumuzda mənimlə birgə Sinqapur Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya və Avropa çempionu Salman Əlizadə məşq edir. Onu ölkəmizin ən güclü boksçularından biri hesab edirəm. Onun məşq texnikası mənim çox xoşuma gəlir. Məşqlərdə onun təcrübəsindən çox öyrənirəm. London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhmmədrəsul Məcidov kimi fiziki cəhətdən güclü boksçu olmaq istərdim”.
Çingiz yarışlara psixoloji hazırlıq metodundan da danışdı: "Yarışlara çıxarkən ancaq qələbə barədə düşünürəm. Bu fikir mənə hər zaman kömək olur. İdmanda əsas devizim isə budur: "Əgər sən birinci deyilsənsə, deməli axırıncısan””.
Boksçu digər idman növlərindən futbola maraq göstərir: "Real-Madrid” və "Fənərbağça” futbol klublarının azarkeşidir və bu komandaların oyunlarını böyük həvəslə izləyir. Hazırda Çingiz İslamov 53 saylı məktəbin 11-ci sinfində oxuyur. İdmanla məşğul olmaq onun dərslərinə mane olmur, həmişə "əla” qiymətlər alır.
"Sədərək” İdman klubunun boks üzrə məşqçisi, Çingizin şəxsi məşqçisi Nazim Mirhüseynov son illərdə "Sədərək”də yetişən perspektivli boksçulardan da söz açdı. ""Sədərək” idman klubunda boksla yanaşı, futbol, müalicəvi gimnastika, cüdo, karate kimi növlər fəaliyyət göstərir. Klubda 80-dək boksçu bu idman növünün sirlərini öyrənir. Burada məşqləri mənimlə birgə Cavid Mirhüseynov da keçir. Boks bölməsinə uşaqları 9-13 yaşından qəbul edirik. Burada idmançıların yarışlara hazırlığı ilə yanaşı, bədən tərbiyəsinə də xüsusi diqqət yetirilir. Qeyd edim ki, klub rəhbərliyi tərəfindən idmançıların yüksək səviyyədə məşq etmələri üçün hər cür şərait yaradılıb. Burada fəaliyyət göstərən zallar müasir avadanlıqlarla təmin olunub. İdmançılarımıza yaradılan şəraitə görə "Sədərək” idman klubunun təsisçisi Yusif Qədimbəyli və klubun müdiri Aydın Məmmədova minnətdarlığımı bildirirəm. İndi əsas məqsədimiz aprel ayında boks üzrə gənclər arasında keçiriləcək Azərbaycan birinciliyinə yüksək səviyyədə hazırlaşmaqdır. Bu yarışda klubun bir neçə idmançısı qüvvəsini sınayacaq. Klubun təmsilçisi, yetirməm Çingiz İslamov bu yarışda çempion olmağa real namizədlərdəndir. Hesab edirəm ki, Çingiz bugünkü gündə ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə layiq idmançıdır. Qeyd edim ki, o, gələn ildən kişilər arasında keçirilən yarışlarda çıxış edəcək. Böyüklərdən ibarət yığmada o, özünü göstərməlidir ki, 2016-cı il keçiriləcək Olimpiya oyunlarına lisenziya verən yarışlarda iştirak etsin və olimpiadaya vəsiqə qazansın. Qeyd edim ki, son vaxtlar Çingizdə sürətli inkişaf müşahidə edirəm. O, bir ay əvvəl Təhsil RİM-in açıq birinciliyində qalib gəlib. Sonra Hövsanda keçirilən Bakı birinciliyinin qalibi oldu. İndi növbə Azərbaycan birinciliyidir. İnanıram ki, Çingiz ona bəslənilən ümidləri doğruldacaq. O, klubda Salman Əlizadə, Əzizə Abbasova kimi təcrübəli idmançılarla birgə məşq edir. Bu isə onun ustalığını artırır. Qeyd edim ki, Salman Əlizadə 2010-cu ildə gənclər arasında dünya çempionu, Sinqapur Olimpiadasının gümüş mükafatçısı, 2011-ci ildə Türkiyənin Ankara şəhərində kişilər arasında Avropa çempionu, 2012-ci ildə tələbələr arasında dünya çempionu və 2012-ci ildə 22 yaşınadək gənclərin Avropa çempionatında ikinci yeri tutub. Komandanın digər təcrübəli üzvü Əzizə Abbasova 51 kq-da yığmanın bir nömrəli üzvüdür. O, Almaniyada keçirilən benyəlxalq turnirdə qızıl medal qazanıb. Daha sonra Polşada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək. Çalışırıq ki, Çingiz hər məşqdə yeni nəsə öyrənsin və öz ustalığını artırsın”, - deyə məşqçi əlavə etdi.