İranın paytaxtı Tehranda keçirilən yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya kuboku yarışları mayın 16-da başa çatıb.
Yarışda iştirak edən Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası güləş tariximizdə yeni səhifə yazıb. Güləşçilərimiz Dünya kuboku yarışlarında ilk dəfə üçüncü yeri tutaraq bürünc medala sahib olublar.
Azərbaycan güləşçiləri Koreya Respublikası, Ermənistan, İran və Finlandiya komandaları ilə eyni qrupda mübarizə aparıblar. Pəhləvanlarımız ilk görüşdə İran güləşçilərinə məğlub olsalar da, sonrakı görüşlərdə Ermənistan (8:0), Koreya Respublikası (5:3) və Finlandiya (5:3) yığmasını məğlub ediblər. Qrupda ikinci yeri tutan yığmamız bürünc medal uğrunda mübarizəyə qoşulub. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini 6:2 hesabı ilə mübarizədən kənarlaşdıran yığmamız Dünya kuboku yarışlarının bürünc medalına sahib olub.
Bu, yunan-Roma güləşi üzrə Dünya kuboku yarışlarında yığmamızın indiyədək ən uğurlu nəticəsidir. Xatırladaq ki, güləşçilərimiz 2011-ci ildə Belarusun paytaxtı Minskdə və 2012-ci ildə Rusiyanın Saransk şəhərində keçirilən analoji yarışda 4-cü yerlə kifayətlənmişdilər.