BAŞ REDAKTORDAN

BAŞ REDAKTORDAN

Ölkəmizdə geniş oxucu kütləsinə malik olan «Olimpiya dünyası» qəzetinin bu gün 1000-ci sayı işıq üzü görür.
Bu gün ölkəmizdə idman və Olimpiya Hərəkatı bu sahədə həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsi olaraq sürətlə inkişaf etmiş və kütləvilik təmin edilmişdir. Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin yüksək səviyyəli diqqət və qayğısı sayəsində ölkəmiz dünyanın aparıcı idman dövlətlərindən birinə cevrilmişdir. Ölkəmizdə bu sahələrin inkişafı Kütləvi İnformasiya Vasitələrində təbliğat işini də yüksək səviyyəyə qaldırmış, müasir idman mətbuatının formalaşmasına lazımi şərait yaratmışdır. Milli Olimpiya Komitəsinin rəsmi nəşri olan «Olimpiya dünyası» qəzeti də ölkəmizin idman mətbuatı ailəsində özünəməxsus yer tutur. Bu qəzet artıq 12 ildir ki, ölkəmizdə idman və Olimpiya Hərəkatı sahəsində həyata kecirilən tədbirləri, Beynəlxalq Olimpiya Komitəsinin, MOK-un fəaliyyəti ilə bağlı məlumatları, ölkə və dünya idmanında baş verən yenilikləri, atletlərimizin beynəlxalq yarışlardakı uğurlarını daim diqqət mərkəzində saxlayaraq, bu barədə soxsaylı oxucularına müfəssəl və operativ məlumatlar verir. Ölkəmizdə geniş oxucu kütləsinə malik olan «Olimpiya dünyası» qəzetinin bu gün 1000-ci sayı işıq üzü görür. Bu rəqəm, eyni zamanda idman və Olimpiya Hərəkatı ilə bağlı idman tariximizin müəyyən bir dövrünü özündə əks etdirən 8 min səhifə geniş və etibarlı informasiya bazası deməkdir.
«Olimpiya dünyası» qəzetinin böyük uğurlarından biri də, ölkədə idman jurnalistlərinin yetişdirilməsi sahəsində məqsədyönlü fəaliyyət göstərməsidir. Qəzetimiz müntəzəm olaraq, ali təhsil müəssisələrinin jurnalistika və digər fakültələrində təhsil alan, idmana maraq göstərən və bu sahənin təbliği ilə məşğul olmaq istəyən istedadlı və prespektivli gəncləri redaksiyada təcrübə kecməyə dəvət edir və işlə təmin olunmalarına köməklik göstərir. Bu, ilk sayımızdan da belə olub, 1000-ci sayımızda da belədir. Bu illər ərzində çətinliklərimiz də, uğurlarımız da olub. Ən böyük uğurumuz isə Olimpiya oyunlarında, Olimpiya festivallarında, Avropa və dünya çempionatlarında, müxtəlif səviyyəli beynəlxalq yarışlarda atletlərimizin qələbə qazanaraq həmnimizin səsləndirilməsinə, bayrağımızın qaldırılmasına nail olmaları barədə xəbərləri bir qayda olaraq canlı şahid kimi ilk mənbədən oxucularımıza çatdırmağımızdır.
Bu yubiley günündə fürsətdən istifadə edib «Olimpiya dünyası» qəzetinə 12 illik fəaliyyəti dövründə yüksək səviyyədə diqqət və qayğı göstərən Milli Olimpiya Komitəsinin rəhbərliyinə həm qəzetin kollektivi, həm də coxsaylı oxucularımız adından minnətdarlığımı bildirirəm. Yubiley sayının--1000-ci sayın işıq üzü görməsi münasibətilə idmansevərləri, qədirbilən oxucularımızı təbrik edir və əmin etmək istəyirəm ki, qəzetimiz bundan sonra da öz səhəfələrində ölkəmizdə idmanın və Olimpiya Hərəkatının yüksək və peşəkar səviyyədə təbliğ olunması üçün daha səylə çalışacaqdır.

Murad Fərzəliyev
«Olimpiya dünyası» qəzetinin baş redaktoru, Əməkdar jurnalist